Modern.az

Qanunsuz sərnişin daşıdığına görə 18 maşın saxlanıldı

Qanunsuz sərnişin daşıdığına görə 18 maşın saxlanıldı

Aktual

6 Oktyabr 2025, 19:11

Son günlər paytaxt ətrafında, xüsusilə Xırdalan, Masazır, Müşfiqabad və Saray qəsəbələri istiqamətindən Bakı-Sumqayıt yolu ilə çoxsaylı qanunsuz sərnişin daşımaları müşahidə edilir. Bu səbəbdən bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə qanunsuz sərnişin daşımalarına qarşı reyd keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, reyd zamanı qanunvericiliyin tələblərinə riayət olunmadan sərnişindaşıma fəaliyyəti göstərən 18 nəqliyyat vasitəsi saxlanılıb və sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilib. Qanunsuz sərnişin daşımalarına qarşı reydlər davam etdirilir.

Ətraflı

 

Qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişin daşımaları ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur.

 

Daşıyıcılar sifarişli sərnişin daşınmalarını həyata keçirərkən elektron sistemdən istifadə etməklə formulyar doldurmalıdırlar. Sifarişli sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiya sistemində elektron qaydada doldurulur. Qeyd edək ki, icazə olmadan sərnişindaşıma fəaliyyət göstərmək inzibati məsuliyyət yaradan haldır.

 

Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyin tələblərini yerinə yetirmək məqsədilə daşıyıcılara nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isə tibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişindaşıma zamanı formulyar doldurmaq tövsiyə olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum