Bakı Mühəndislik Universitetində (BMU) beynəlxalq “Holberton School” şəbəkəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüş keçirilib.
Modern.az xəbər verir ki, görüşdə şəbəkənin baş icraçı direktoru Florian Bucher, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) departament rəhbəri Vüsalə Qurbanova, “Holberton School Azerbaijan”ın direktoru Şəmsi Bayramzadə, İRİA-nın layihə meneceri Nigar Camalova iştirak ediblər.
BMU-nun rektoru Yaqub Piriyev qonaqlara universitetin fəaliyyəti, inkişaf strategiyası haqqında ətraflı məlumat verib və informasiya texnologiyaları (IT) ixtisaslarının ali təhsilin əsas baza istiqamətinə çevrilməsi ilə bağlı görülən işlərə diqqət çəkib. Bildirib ki, 2024-cü ildə BMU-da İnformasiya və kompüter texnologiyaları fakültəsi yaradılıb və innovativ texnologiyalarla işləmək bacarığına malik, yeni sənaye inqilabının çağırışlarına cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlığı daha da gücləndirilib. Fakültədə informasiya texnologiyaları, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, süni intellekt, həmçinin bu ildən data analitikası kimi mühüm ixtisaslar üzrə müasir bacarıqlara malik mütəxəssislər hazırlanır. Eyni zamanda BMU-da Kibertəhlükəsizlik laboratoriyasının yaradıldığı, digər İKT laboratoriyalarının maddi-texniki bazasının yeniləndiyi qeyd edilib. Rektor vurğulayıb ki, son illərin qəbul nəticələrinə əsasən, BMU-da IT sahəsi üzrə ixtisaslara maraq getdikcə artmaqdadır. Ayrılan plan yerlərinin tam dolması ilə yanaşı, yüksək nəticə göstərən tələbələr məhz bu ixtisaslara üstünlük veriblər. Yaqub Piriyev rəqəmsal iqtisadiyyatın tələblərinə cavab verən mütəxəssislər yetişdirmək istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinin də məhz qarşıya qoyulan hədəflərə töhfə verəcəyinə inamını ifadə edib.
İRİA-nın departament rəhbəri Vüsalə Qurbanova agentliyin rəqəmsal bacarıqların inkişafı, IT təhsilinin gücləndirilməsi və beynəlxalq tədris modellərinin tətbiqi istiqamətində layihələri dəstəklədiyini deyib. O, həmçinin IT sahəsində güclü bazaya malik BMU ilə nüfuzlu "Holberton School"un əməkdaşlığının gələcəkdə daha geniş miqyasda reallaşdırılması üçün imkanların mövcud olduğunu bildirib.
Daha sonra "Holberton School"un baş icraçı direktoru Florian Bucher, “Holberton School Azerbaijan”ın direktoru Şəmsi Bayramzadə çıxış ediblər. Çıxışlarda təhsil şəbəkəsinin fəaliyyəti, həyata keçirilən proqramlar və tətbiq olunan innovativ tədris modelləri haqqında məlumat verilib. Bildirilib ki, 35 ölkədə mövcud olan “Holberton School”un əsas məqsədi yüksəkkeyfiyyətli texnoloji proqramlarla innovativ və praktiki metodologiya əsasında mütəxəssislərin hazırlanmasından ibarətdir. Habelə şəbəkənin müasir və praktiki yönümlü tədris modelinin BMU-nun tədris strategiyası ilə uyğunluq təşkil etdiyi vurğulanıb, mümkün əməkdaşlıq istiqamətləri təqdim olunub. Xüsusilə süni intellekt, kibertəhlükəsizlik və data analitikası kimi istiqamətlərdə birgə iş nəzərdən keçirilib, həmçinin əməkdaşlıq perspektivləri, təlim proqramlarının təşkili, tələbələrin bu layihələrə cəlb edilməsi, IT sahəsində təcrübə mübadiləsi imkanları geniş müzakirə olunub. Tərəflər gələcəkdə bu istiqamətdə əməkdaşlığın universitet və təhsil şəbəkəsi üçün faydalı olacağını bildiriblər.