Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan Halal Biznes Forumu – AZHAB Forum 2025 keçirilir.
Modern.az xəbər verir ki, ötən ildən sonra ikinci dəfə keçirilən Azərbaycan Halal Biznes Forumu, İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam Ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, həmçinin “Atena” MMC və “Bilgə Qrup”un sponsorluğu ilə təşkil olunur.
Forumda dünyanın müxtəlif ölkələrindən gələn dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, akademiklər və sahibkarlar iştirak edirlər. İki gün davam edəcək tədbirin əsas məqsədi halal sənayesində əməkdaşlıq imkanlarını genişləndirmək, qarşılıqlı təcrübə və bilik mübadiləsini təşviq etmək, eləcə də Azərbaycana yeni sərmayə axınını stimullaşdırmaqdır.
İlk gündə KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi, İslam maliyyə sistemi, halal sənaye və biznes idarəetməsi mövzularında panel müzakirələr keçirilib. Daha sonra “AZHAB Forum 2025” çərçivəsində təşkil edilən sərginin açılış mərasimi baş tutub.
Sərgidə, ənənəyə uyğun olaraq, MÜSİAD Azərbaycan da öz stendi ilə təmsil olunur. Dərnəyin üzvləri olan C 141 MMC, C7 Group, Balakan Foods MMC, Hilal Travel MMC, Linak MMC və Halalbooking MMC şirkətləri məhsul və xidmətlərini təqdim edirlər. Bu şirkətlər müvafiq olaraq reklam və marketinq, texnologiya və inteqrasiya sistemləri, qida sənayesi, turizm, tikinti və halal turizm sahələrində fəaliyyət göstərirlər.
MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvləri və dərnək üzvləri forum çərçivəsində stendi ziyarət edərək iştirakçılara uğurlar arzulayıb, həmçinin yerli və xarici şirkətlərin təqdimatları ilə tanış olublar.