Modern.az

Türk dövlətləri sahibkarlar üçün yeni bazara çevrilir

Türk dövlətləri sahibkarlar üçün yeni bazara çevrilir

Aktual

8 Oktyabr 2025, 12:58

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü siyasi diplomatiya ilə yanaşı, iqtisadi mesajlarla da diqqəti çəkdi. Türk Dünyası artıq yalnız ortaq tarix, dil və mədəniyyətlə bağlı deyil, bu birlik iqtisadi gücə çevrilmək mərhələsinə qədəm qoyub. Türk Dövlətləri Təşkilatı – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, müşahidəçi kimi Şimali Kipr və Macarıstan daxil olmaqla 170 milyondan çox əhalini, 1.5 trilyon dollardan artıq ümumi daxili məhsulu və yüz minlərlə kilometr tranzit yollarını əhatə edir. Bu coğrafiya yalnız rəqəmlərlə deyil, böyük geoiqtisadi güc potensialı ilə diqqət çəkir.

Türk Dövlətləri Təşkilatı gələcəkdə Avrasiya məkanında iqtisadi cəlbedicilik baxımından yeni cazibə mərkəzinə çevrilmək əzmindədir. Hazırda Orta Dəhlizin strateji prioritetə çevrilməsi gündəmdədir. Çin ilə Avropa arasında ən qısa quru yolu olan bu dəhliz, həm də türk dünyasını birləşdirən iqtisadi onurğa rolunu oynayacaq. Regional sərbəst ticarət zonaları ideyası gücləndirilir. “Birgə rəqəmsal platforma" təşəbbüsləri ortaq iqtisadi məkan ideyasına xidmət edir.

Türk Dövlətləri Təşkilatı platforması çərçivəsində sahibkarlar üçün birgə layihələrə start verilir. Enerji, xüsusilə yaşıl enerji məsələsi üzrə əməkdaşlıq prioritetdir. Türk Dövlətləri Təşkilatının sürətlə inkişaf edən formatı analitiklər arasında bir sual doğurur: Bu birlik yaxın gələcəkdə iqtisadi blok modelinə çevrilə bilərmi? Yəni, bu ölkələr vahid bazar və ortaq sənaye siyasəti istiqamətində irəliləyə bilərmi? Türk Dövlətləri Təşkilatının siyasi iradəsi var. İndi əsas məsələ bu iradənin maliyyə alətləri, hüquqi mexanizmlər və institusional qurumlarla dəstəklənməsidir.

Türk İnvestisiya Fondu, sahibkarlar üçün inteqrasiyanı gücləndirəcək qanunvericilik təşəbbüsləri, ortaq sənaye zonaları, startap mərkəzləri və texnoparklar belə potensial imkanlardır. Qəbələ Zirvəsi açıq şəkildə göstərdi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi dinamika sürətlənir. Bu dinamikanın içində olmaq istəyən sahibkarlar üçün artıq gözləmə dövrü başa çatıb. İndi yeni bazarlara çıxmaq, regional tərəfdaş tapmaq, inteqrasiya olunmuş layihələrdə iştirak etmək üçün real fürsətlər pəncərəsi açılıb. Azərbaycan, Türkiyə və Orta Asiya ölkələri arasında birgə startaplar, infrastruktur konsorsiumları, logistika əməkdaşlıqları, agro-texnologiya və enerji layihələri kimi sahələrdə fəaliyyət göstərən şirkətlər üçün bu platforma yeni mərhələnin başlanğıcıdır. Əgər XX əsrdə türkdilli ölkələr siyasi istiqlallarını bərpa etdilərsə, XXI əsrin ikinci rübündə onlar iqtisadi suverenliyə və ortaq iqtisadi kimliyə doğru addımlayırlar. İndi növbə sahibkarlardadır. Regional düşünən, strateji baxan və əməkdaşlıqda maraqlı olan sahibkarlar üçün Türk Dövlətləri Təşkilatı yalnız tarix deyil, gələcəkdir. Bu baxımdan, sahibkarlar və iqtisadi dairələr artıq bu prosesi yaxından izləməli, ortaq layihələrdə iştirak etməyə və təşkilat çərçivəsində yaranan fürsətləri dəyərləndirməyə hazır olmalıdırlar.

Çinarə Ağayeva,
Biznes məsləhətçi

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rus ordusu xeyli itki verdi