Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetdaxili III qrant müsabiqəsinin qaliblərinin təqdimat mərasimi keçirilib. Tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, PAŞA Holdinq-in Makroiqtisadi Tədqiqatlar Departamentinin direktoru, qrant müsabiqəsi komissiyasının sədri Elman Eminov, müsabiqənin qalibləri, müəllimlər və xarici tədqiqatçılar iştirak ediblər.
Modern.az xəbər verir ki, tədbirin açılışında çıxış edən rektor, professor Ədalət Muradov 2022-ci ildən etibarən həyata keçirilən universitetdaxili qrant müsabiqəsinin ölkədə ilk təcrübə olduğunu bildirib: “UNEC-in tətbiq etdiyi bu model elmin təşviqi, tədqiqat mühitinin gücləndirilməsi və innovativ ideyaların dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs universitetdə elmi tədqiqatların maliyyələşdirilməsində yeni yanaşma formalaşdırmaqla yanaşı, UNEC-in tədqiqat yönümlü ali məktəb modelinə keçidi istiqamətində atılan mühüm addımlardan biridir”.
Rektor hazırda qrantın ümumi həcminin 150 min manat təşkil etdiyini və gələcəkdə bu məbləğin 1 milyon manata qədər artırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. O, universitetdaxili qrant müsabiqəsinə təqdim edilən layihələrin ekspertizası və icrasına nəzarətin təmin olunması üzrə yaradılmış komissiyanın heyətində ölkənin aparıcı dövlət və özəl qurumlarının nümayəndələrinin təmsil olunduqlarını xüsusi vurğulayaraq, bu yanaşmanın müsabiqədə şəffaflıq və obyektivliyi təmin etdiyini bildirib.
Prof.Ədalət Muradov bu ilki müsabiqədə maraqlı və tətbiq yönümlü mövzuları əhatə edən 6 layihənin qalib seçildiyini bildirib. Qalibləri təbrik edən rektor, onları elmin maliyyələşdirilməsi ilə bağlı UNEC modelinin qurucuları adlandırıb.
Daha sonra qalib layihələrin müəllifləri təqdimatla çıxış ediblər. “Rəqəmsal Transformasiya üçün Biznes Diaqnostikası: UNEC İnnovasiya Modeli” layihəsinin rəhbəri Həsrəddin Quliyev, “Smart təhsil: Maşın öyrənməsinə əsaslanan adaptiv təhsilin təşkili” layihəsinin rəhbəri Sevda Sərdarova, “Lokal günəş-külək hibrid enerji sisteminin layihələndirilməsi və prototipin hazırlanması” layihəsinin komanda üzvü Kamran Hüseynov, “Yeni nəsil günəş elementləri və fotodetektorlar üçün Si; PbS və Qrafen əsaslı sıfır ölçülü kvant nöqtələrinin hazırlanması və onların optoelektron xarakteristikalarının təyini” layihəsinin rəhbəri Əhməd Asimov, “Azərbaycanda IT peşələri əmək bazarı kontekstində süni intellektin funksional və strateji təsirlərinin təhlili (SİFST-İT)” layihəsinin rəhbəri Təranə Əliyeva və “Azərbaycan üçün Gələcəyin Tədqiqatçısı: Ali təhsildə süni intellekt və data elminə əsaslanan bacarıqların inkişafı proqramlarının dizaynı” layihəsinin rəhbəri Teymur Sərxanov öz layihələri, tədqiqat istiqamətləri, məqsədləri və gözlənilən nəticələr barədə məlumat veriblər.
PAŞA Holdinq-in Makroiqtisadi Tədqiqatlar Departamentinin direktoru, qrant müsabiqəsi komissiyasının sədri Elman Eminov çıxışında bildirib ki, bu il təqdim olunan layihələr elmi dəyəri və praktiki tətbiq imkanları baxımından yüksək səviyyədə olub. O, 20-dən çox layihə arasından 6 qalibin seçildiyini, bu layihələrin Azərbaycan elminə, təhsilinə və iqtisadiyyatına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
Sonda rektor elmi fəaliyyəti stimullaşdırmaq məqsədilə yaxın gələcəkdə UNEC-də həyata keçiriləcək yeniliklər barədə də məlumat verib.