Sərhəd Vətənin başlanğıc nöqtəsi, sərhədçi onun məğrur keşikçisidir. Sözsüz, Vətən anlayışı çox müqəddəsdir.
Vətəni qorumaq isə öz mənliyini, namusunu, şərəfini qorumaqdır. Vətən təkcə üstündə gəzdiyimiz torpaq deyil, Vətən doğmalarımızın yurd yeridir. Vətən şəhidlərin uyuduğu təsəlli yerimizdir. Vətən azadlığı uğrunda hər an canımızı və qanımızı əsirgəməyəcəyimiz bir diyardır. Vətən hər bir insanın doğulduğu yer, üzərində ayaq tutduğu, boya-başa çatdığı məmləkətdir. Vətən vətəndaşın qüruru və and yeridir. Vətən torpağını sevdiyimiz və doğmalarımızı onun torpağına əmanət elədiyimiz ən etibarlı xəzinədir.
Müqəddəs kitablarda da Vətən andına və adına çox rast gəlirik.
Kitabi- Dədə Qorqud dastanında Vətən mövzusu qəhrəmanlıq, əcdadlara bağlılıq və xalqın birliyini əsas tutaraq öz əksini tapmışdır. Hər boyunda Ana və Vətən obrazı Vətənin rəmzi olaraq göstərilir və Ana haqqının Tanrı haqqı kimi yüksək tutulması əsas yer alır.
Vətən mövzusunun əks olunduğu əsas məqamlarda ana, vətənin rəmzi kimi ümumiləşdirilir, xalqın Vətənə olan məhəbbətini ifadə edir.
"Sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir". Bu sözlərin müəllifi Ümummilli lider Heydər Əliyevdir.
Bəli, Vətəni göz bəbəyi kimi qorumaq müqəddəs və məsuliyyətli bir vəzifədir.
Bu şərəfli sərhədçi ömrünü yaşayanlardan biri də zabit kimi hələ gənc yaşlarından çiyinlərində böyük məsuliyyət daşıyan, Vətənini, torpağını sevən, uğrunda canını fəda eləməyə hazır olan polkovnik Cəlil Xəlilovdur. Bu gün Cəlil müəllim Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədridir.
Yüz minə yaxın üzvü olan təşkilat bugündə Türk dövlətlərinin, MDB ölkələrinin veteran təşkilatları və beynəlxalq veteran təşkilatları ilə əlaqələr qurmaqda davam edir.
Hal-hazırda təşkilat 37 dövlət ilə sıx əməkdaşlıq edir və həmin ölkələrə respublikamızın ictimai-siyasi və mədəni həyatında baş verən yenilikləri çatdırır. Belə qənaətdə gəlmək olar ki, bu əlaqələrin yaradılmasında sözsüz ki Cəlil müəllimin işinin öhtəsindən ustalıqla gəlməsi durur.
Yadıma qədim yunan filosofu Epirtetin müdrik bir kəlamı düşür: "Həmişə özünlə danışmağa çalış, çünki özünə söyləyəcəyin və özündən soruşacağın çox şey var".
Ümimiyyətlə dünəninə boylanıb özünə hesabat verən insanlar müdrik insanlardır. Bu da nüfuz sahibinin ən böyük mükafatı daxilən rahat olmasıdır.
Yüksək əxlaqi keyfiyyətləri, təvazökarlığı və geniş dünyagörüşü ilə həmişə seçilən Cəlil müəllimin mənəvi zənginliyinin başlıca şərti onun sadəliyidir.
Bəli, Cəlil müəllimi sevdirən onun peşəkarlığı və Vətənsevərliyidir.
Məhz, onun Vətən sevgisi, əsl fədakarllğı odlu alovlu iki mühəribənin iştirakçısı olmasından görünür. Polkovnik Cəlil Xəlilov Əfqanıstan və Qarabağ müharibələri veteranıdır.
Ümumiyyətlə, Cəlil müəllim harada işləməsindən asılı olmayaraq, verilən tapşırıqları layiqincə yerinə yetirmiş, göstərilən etimadı doğrultmağa çalışmışdır.
Polkovnik Cəlil Xəlilov şəxsiyyətə xas xüsusiyyətlərə malik insan, cəsarətli Vətənpərvər bir ziyalıdır.
O, hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hisslərin sahibi olub Vətənin şərəfini yüksəklərə ucaldan bir işıqlı ziyalıdır. Onun keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı, ictimai fəaliyyəti göz qabağındadır.
Bu gün Cəlil Xəlilovun işgüzarlığı, təşkilatçılıq bacarığı və prinsipiallığı yüksək qiymətləndirilir.
Cəlil Xəlilov 2003-cü ildən siyasi elmlər üzrə fəlsəfə doktorudur. O, yeddi elmi əsərin müəllifi, Dövlət İdarəçəlik Akademiyasının dosentidir.
Cəlil müəllim Rusiya Federasiyası, Müstəqil Dövlətlər Birliyi Veteran Təşkilatlarının Əlaqələndirmə Şurasının Plenum üzvü, "Qaliblərin varisləri" Beynəlxalq Təşkilatın Azərbaycandakı nümayəndəsi, MDB veteranlar təşkilatlarının və Dünya Veteranlar Federasiyasının fəxri üzvüdür. Xidmət dövründə Azərbaycanın və digər ölkələrin medalları və ordenlərilə təltif edilmişdir. O, MDB veteranlarının Beynəlxalq Təşkilatının Əlaqələndirmə Şurasının, Ehtiyatda olan zabitlərin Beynəlxalq Məsləhətləşmə Komitəsi Rəyasət Heyətinin də üzvüdür.
Cəlil Xəlilov həmçinin, ölkənin hərbi və xüsusi təhsil məktəblərində tədris olunan "Milli təhlükəsizlik strategiyası" və Milli Təhlükəsizlik Nəzəriyyəsi dərslikləri və proqramının, eyni zamanda 4 kitabın və 50-dən çox elmi məqalənin müəllifidir.
Belə şərəfli ömür yaşayan polkovnik Cəlil Xəlilov haqqında çox yazıb, çox danışmaq olar.
Cəlil müəllim Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında fəaliyyətə başladığı ilk gündən ölkənin ictmai-siyasi və mədəni həyatında baş verən yeniliklərlə əlaqədar mütəmadi olaraq ölkə mətbuatında çıxışlar edir, hadisələrə münasibət bildirir.
Bununla yanaşı, təşkilatın əsas binasında ölkəmizin nüfuzlu ziyalılarının iştirakı ilə respublika əhəmiyyətli bayram tədbirləri təşkil edir. Tədbirlərdə dövlət başçısının son illər yeni-yeni uğurlara imza atmasından, beynəlxalq arenada qazanılan nailiyyətlərdən danışılır .
Hal-hazırda veteranlar təşkilatında 8 Noyabr – Zəfər bayramı münasibətilə silsilə tədbirlər keçirilir.
Vətən müharibəsi veteranlarının, qazilərin, şəhid ailələri nümayəndələrinin, Milli Məclisin deputatlarının, ali təhsil ocaqları rəhbərlərinin, şəhər və rayon icra hakimiyyəti başçılarının və ictimai fəalların iştirak etdiyi tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun şücaəti nəticəsində qələbəyə nail olmasından söhbət açılır.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, o cümlədən öz ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını təmin etməsindən ətraflı danışılır.
İnanırıq ki, çoxminli veteranlar təşkilatı bundan sonra da öz işini uğurla davam etdirəcək.
Mübariz Süleymanlı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist