Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda elmi fəaliyyətin təşkili, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, eləcə də TEC-in gələcək fəaliyyət planı ətrafında müzakirələr aparılıb.
Çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov tələbələrin elmi-təqdiqat fəaliyyətinin universitet rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayaraq, bu istiqamətdə TEC-in mühüm rol oynadığını qeyd edib. O, cəmiyyətin əsas məqsədinin tələbələr arasında elmə marağı artırmaq, onların innovativ ideyalarının reallaşdırılmasına şərait yaratmaqdan ibarət olduğunu söyləyib. TEC-in əvvəlki heyətinin universitetin elmi həyatında rolunu müsbət qiymətləndirən prorektor iclasda cəmiyyətin yeni sədrinin seçilməsi məsələsinə baxılacağını deyərək növbəti komandanın da öz fəaliyyətini uğurlu qura biləcəyinə inandığını vurğulayıb.
Sonra 4-cü kurs tələbəsi Aysu Cəbrayılovanın TEC sədrliyinə namizədliyi irəli sürülüb. Çıxış edənlər onun BMU-nun sosial-ictimai həyatında fəallığını, universitetin rəsmi tədbirlərində moderatorluq keyfiyyətlərini, həmçinin ümumi orta müvəffəqiyyət göstəricilərinin yüksək olduğunu diqqətə çatdırıblar. İclasda, eləcə də 3-cü kurs tələbəsi Röya Abuzərova öz namizədliyini müstəqil olaraq irəli sürüb.
Hər iki namizəd BMU-dakı təhsil uğurları, karyera istiqamətində hədəfləri, ali məktəbin mədəni-ictimai həyatında fəal iştirakları barədə məlumat verib, elmi fəaliyyətin təşkili və təkmilləşdirilməsi, innovativ təşəbbüslərin dəstəklənməsi məqsədilə bir sıra təkliflərlə çıxış ediblər. Səsvermədə üstün nəticə ilə Aysu Cəbrayılova TEC-in sədri seçilib.
Sonda prorektor Ağası Məlikov yeni sədrə fəaliyyətində uğurlar arzulayıb, cəmiyyətin gələcəkdə universitetin elmi həyatında daha fəal rol oynaması üçün gərəkli tövsiyələr verib.