Modern.az

Arzusu 44 günlük müharibədə gerçəkləşən ŞƏHİD 

Arzusu 44 günlük müharibədə gerçəkləşən ŞƏHİD 

Aktual

10 Oktyabr 2025, 17:16

Talış kəndi Azərbaycan tarixində həm acı, həm də şanlı səhifələrlə yadda qalıb. 1994-cü ilin aprelində bu kənd uğrunda gedən döyüşlərdə xeyli sayda igidimiz şəhid oldu. Onlardan biri də Zirə qəsəbəsinin qəhrəman oğlu Ziya Ağayev idi.

Ziya Ağayev 1974-cü il avqustun 25-də Zirə qəsəbəsində anadan olub, 241 nömrəli məktəbdə təhsil alıb. Uşaqlıqdan vətənpərvərliyi, təmizliyi, mehribanlığı ilə seçilən Ziya 1990-cı ildə orta təhsilini başa vurub. 1993-cü ilin sentyabrında hərbi xidmətə çağırılıb, lakin o, xidmətlə kifayətlənməyib. 1994-cü ilin yanvarında könüllü ərizə yazaraq cəbhəyə yollanıb – çünki vətən sevgisi onun üçün hər şeydən üstün idi.

Ziya Ağayev 1994-cü il aprelin 30-da Talış kəndinin müdafiəsi zamanı qəhrəmancasına şəhid olub. Şəhidin nəşi Zirə qəsəbəsində böyük izdihamla torpağa tapşırılıb. Bu gün onun oxuduğu 241 nömrəli məktəb qürurla şəhid məzununun adını daşıyır.

Şəhidlər təkcə qəhrəmanlıq dastanlarının deyil, həm də doğmalarının ürəyində əbədi yaşayan insanlardır. Onların hər xatirəsi canlı, hər sözü müqəddəsdir. Ailəsinin və yaxınlarının yaddaşında isə Ziya Ağayevin xatirəsi hər zaman yaşayır.  

Atası Niyaz Ağayev və anası Gülzar Ağayeva qəhrəman oğullarını xatırlayarkən belə deyirlər: “Ziya bizim gözümüzün nuru, qəlbimizin fəxridir. O, kiçik yaşından vətəninə bağlı idi. Onun qəhrəmanlığı hər zaman bizim ürəyimizdə yaşayacaq. Oğlumuz Ziya torpaqlarımızın azadlığı üçün canından keçdi.  Hər zaman onunla fəxr etmişik və bu fəxarət hissi heç vaxt bizi tərk etməyəcək. O bizim üçün yalnız oğul deyil, həm də ölməz qəhrəmandır”.

Qardaş itkisinə bacılar tab gətirməz. Lakin insan zaman keçdikcə dərdə də öyrəşir. Ziya Ağayevin bacısı, bibim Gülnar bu gün də qardaşını göz yaşları ilə xatırlayır:

“Ziya ailənin sevimlisi idi. Hər zaman mehriban, qayğıkeş, təmiz ürəkli idi. Onun yeri hər zaman görünür. Elə bilirəm ki, bir gün qapımızı döyüb deyəcək ki, bacı gəlmişəm. Onunla qürur duyuruq. İndi Talış kəndi azaddır, demək ki, Ziyanın ruhu da rahatdır”.

Qardaşları, qohumları onu xatırlayarkən heç vaxt  dünyada yox kimi təsəvvür etmirlər. Onların xatirələrində şəhid Ziya hər zaman yaşayır.

O, Şahin Ağayevin yaddaşında vətənə olan  böyük sevgisi ilə qalıb. Könüllü cəbhəyə yollananda ilk dəbə bu fikrini qardaşı Şahinə deyibmiş. Digər əmim Nazim isə ondan danışanda gözləri dolur. Deyir ki, Ziyanın gəncliyi arzularla dolu idi. Amma ən böyük arzusu Azərbaycanın bütövlüyü idi.

"Onun arzusu 44 günlük müharibədə gerçəkləşdi. Biz Ziyanı həm qardaş, həm qəhrəman kimi daim yad edəcəyik”.

1994-cü ildə Talış kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan Ziya Ağayev həm məktəb yoldaşlarının, həm də müəllimlərinin yanında hörmət və nüfuz qazanmışdı. Məktəbdə keçirilən tədbirlərin birində dediyi “Mən Vətən üçün yaşayıram!” sözünü əməldə də təsdiq etdi.

44 günlük Vətən müharibəsində Talış kəndinin azad olunması, Şuşanın geri alınması və nəhayət böyük Zəfər bütün şəhidlərimizin ruhunu şad etdi. Prezident İlham Əliyevin dediyi “Biz bu zəfəri şəhidlərimizin qanı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi ilə qazandıq” sözlərində Vətən uğrunda canından keçən əmim Ziya Ağayevin də haqqı vardır.

Bütün şəhidlərimiz kimi əmim Ziya Ağayevin yarımçıq qalan arzuları həyata keçməsə də, həyatı yarımçıq qalsa da - bu Vətən, insanlar o qəhrəmanları unutmadılar. Bu gün Zirə qəsəbəsi öz qəhrəman övladının xatirəsini daim əziz tutur. Şagirdlər onun adını daşıyan məktəbdə böyüyür, həyat yolundan örnək götürürlər.

Nə qədər ki Azərbaycan var, nə qədər ki xalqımız var, Ziya Ağayev kimi şəhidlər xalqın qəlbində əbədi heykəl kimi yaşayacaq. Çünki onlar bir ömürlük tarix yazıb getdilər – qürurla, şərəflə, vətənpərvərliklə, qəhrəmanlıqla.

Əmim Ziya Ağayevin ölməz qəhrəmanlığı bizim üçün əbədidir. Onun göstərdiyi cəsarət, vətən sevgisi və fədakarlıq gələcək nəsillər üçün işıqdır. Onun yolu bizə göstərdi ki, azadlıq hər birimiz üçün müqəddəsdir və qorunmalıdır.


Ziyad Ağayev,
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi Tarix Klubunun direktoru,
4-cü kurs tələbəsi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi