ABŞ səfərinin Vaşinqton hissəsi çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən heyətin Ağ Evdə ABŞ vitse-prezidenti ofisinin Milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, Vitse-Prezident Aparatının Strateji Məsələlər üzrə Xüsusi Müşaviri Maykl İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma Şöbəsinin üzvü Conatan Askonas ilə görüşü baş tutub
Modern.az xəbər verir ki, görüşdə tərəfləri maraqlandıran məsələlər, o cümlədən, avqustun 8-də ABŞ prezidentİ Donald Trampın, Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sülh protokolundan sonra Cənubi Qafqaz regionu üçün yaranmış yeni fürsətlər, Azərbaycanın nümunəvi məzhəblərarası və dinlərarası təcrübəsinin beynəlxalq miqyaslı önəmi, o cümlədən, Azərbaycan-ABŞ dinlərarası əməkdaşlıq münasibətlərinin inkişafı və davamlı sülhün qurulmasında multikultural dəyərlərin rolu kimi mövzular müzakirə olunmuşdur.
Şeyxülislam A. Paşazadə ABŞ prezidenti Donald Tramp tərəfindən "Azadlığa Dəstək Aktı"nın Azərbaycanla bağlı 907-ci düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək buna görə ABŞ tərəfinə öz minnətdarlığını bildirib. O, Ağ Ev nümayəndələrini Dövlət Departamentində baş tutan ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə görüşü haqqında məlumatlandıraraq ABŞ tərəfini Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb. Qeyd edib ki, belə bir siyahıda Azərbaycanın adının yer alması ölkədə hökm sürən multikultural mühitə və dinlərarası harmoniyaya heç də uyğun deyil.
ABŞ nümayəndələrinin diqqəti, həmçinin, ona cəlb edilib ki, son vaxtlar erməni kilsəsinin rəhbərliyi və erməni diasporası destruktiv mövqedən çıxış edərək sülh prosesinə əngəl olmağa çalışır və yeni qarşıdurmaya və revanşizmə çağırır. Halbuki, əldə edilmiş fürsətdən faydalanmaq üçün dini və ictimai dairələr siyasətçiləri dəstəkləməlidirlər və Azərbaycan tərəfi bəzi erməni dairələrdən, xüsusilə erməni kilsəsindən fərqli olaraq bunu edir.
Tərəflər dünyada, xüsusilə də mürəkkəb geosiyasi bölgədə yerləşən Azərbaycan və Ermənistan arasında davamlı və uzunmüddətli sülhə nail olmaq üçün xalqlar və dinlər arasında qarşılıqlı etimadın və əməkdaşlığın vacib olduğunda həmfikir olduqlarını qeyd etdilər. ABŞ tərəfi bu baxımdan Şeyxülislamın hazırki ziyarətinin xüsusi əhəmiyyətini vurğuladı. Şeyxülislam A. Paşazadə, başçılıq etdiyi QMİ-nin bu istiqamətdə səylərə öz töhfəsini verməyə davam etdirməyə, sülh və birgəyaşayışı dəstəkləyən dinlərarası və sivilizasiyalararası beynəlxalq görüş və konfransları, o cümlədən, ABŞ-ın din əsaslı qurum və təşkilatları ilə birgə layihələri həyata keçirməyə hazır olduğunu bildirdi.
Görüşdə iştirak edən BBMM icraçı direktoru Rəvan Həsənov və MM deputatı Cavanşir Paşazadə söz alaraq ölkəmizdə hökm sürən multikultural mühitdən, dövlət-din münasibətlərinin təkmilləşdirilməsində Azərbaycan parlamentinin rolundan bəhs etdilər. R. Həsənov Azərbaycanın dünyada islamofobiya ilə mübarizədə ardıcıl addımlar atdığını və artıq bu sahədə önəmli beynəlxalq platformaya çevrildiyini qeyd etdi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.