Azərbaycan Mərkəzi Bankı (AMB) qanun pozuntularına görə “Greentek Group”un bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) müvəqqəti olaraq dayandırılması barədə göstəriş verib.
Bu barədə Modern.az-a AMB-dən bildirilib.
Məlumata görə, AMB tərəfindən “Greentek Group” MMC-də həyata keçirilən plandankənar yoxlama çərçivəsində istifadəçilərə ödəniş hesablarının qanunvericiliyin tələblərinə uyğun qaydada açılmadığı, internet resurslar vasitəsilə aparılan qanunsuz fəaliyyətlərin qarşısının alınmasında xətalara yol verilməsi faktlarının aşkar edilməsi ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələri rəhbər tutularaq, lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) müvəqqəti olaraq dayandırılması barədə göstəriş verilib.