Oktyabrın 13-də Misirin Şarm Əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammiti keçirilib. Tədbirdə 20-dən çox ölkənin lideri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Toplantı zamanı ABŞ lideri Prezident İlham Əliyevi tərifləyib və onun çox güclü lider olduğunu və işini çox yaxşı gördüyünü bildirib.
"Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır", - o vurğulayıb.
Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Musa Quliyev bildirib ki, Misirdə Qəzza ilə bağlı keçirilən görüş Yaxın Şərqdə müharibənin dayandırılması istiqamətində çox mühüm və əlamətdar addımdır:
“Həmin tədbirdə Azərbaycanın dövlət başçısı səviyyəsində iştirakı dövlətimizin artan nüfuzunun göstəricisidir. Cənab Prezidentin artıq dünya lideri kimi sayılıb-seçilməsinin, ona hörmət göstərilməsinin bir ifadəsidir. Eyni zamanda 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın dünyada mövqeyi üst bir mərhələyə qalxıb. Ondan sonrakı bütün böyük beynəlxalq dünya və bəşəriyyətin taleyi üçün əhəmiyyətli tədbirlərdə cənab Prezident ən fəal və arzuedilən qonaq və ya iştirakçı kimi dəvət olunur. Artıq neçənci dəfədir ki, ABŞ Prezidenti cənab Donald Tramp İlham Əliyev haqda olduqca yüksək fikirlər söyləyir və bəlkə də, o cənab İlham Əliyevə söylədiyi fikirləri ikinci bir dünya prezidentinə söyləməyib. Bu da qürurvericidir ki, dünyanın bir nömrəli ölkəsinin prezidenti Azərbaycanın prezidenti, xalqı haqda gözəl və layiqli sözlər söyləyir".
Komitə sədri vurğulayıb ki, bu həm də digər dünya liderlərinə mesajdır:
"Bu, Azərbaycan Prezidentinə, ölkəmizə ABŞ və onun liderinin yüksək qiymət verdiyinin nümunəsidir və dünyaya mesajdır. Beləliklə, dünya liderləri də bu məsələdə mövqelərini bir daha dəqiqləşdirirlər. Son zamanlara qədər Azərbaycana qarşı qəti düşmənçiliyi ilə seçilən Fransa prezidentinin qısa müddət ərzində cənab Prezidentə çox isti münasibət bəsləməsi, onun haqda xoş sözlər deyib, mehriban görüşməsi də bu münasibətin ifadəsidir. Və elə Putinin, Si Cinpinin, eləcə də digər böyük dövlətlərin liderlərinin də cənab Prezidentə olan münasibətləri bəzi hallarda gərginlik fonunda, bəzi halda mehriban münasibətlər fonunda Azərbaycanın və onun prezidentinin böyük etimad və etibar sahibi olduğunun ifadəsidir. Bu mənada hesab edirəm ki, Misirdə keçirilən görüş və cənab prezidentin iştirakı və burada bir sıra görüşləri Azərbaycanın beynəlxalq aləmdə imicinin artırılması istiqamətində mühüm bir addımdır".
Musa Quliyev Azərbaycanın Qəzzanın yenidənqurulmasında iştirak edib-etməyəcəyi ilə bağlı isə bunları deyib:
"Bu, mənim şəxsi fikrimdir ki, Azərbaycanın özünün Qarabağ və Şərqi Zəngəzurda görəcəyi olduqca böyük işlər var. Təəssüflər olsun ki, Türk dövlətlərindən başqa quruculuq işlərində bizə yardım edən dövlət görə bilmirik.Yaxşı olardı ki, Qəzza nümunəsində Qarabağın və Şərqi Zəngəzurun bərpasına da dünya birliyi öz köməkliyini göstərib, töhfə versin. Ən azı minatəmizləmə işlərində fəaliyyət göstərsinlər, bu sahəyə uyğun texnologiya, mütəxəssislər versinlər. Ümid edirəm ki, ABŞ Prezidenti Donald Trampın 907-ci düzəlişi ləğv etməsi, yaxın gələcəkdə Azərbaycan-ABŞ iqtisadi münasibətlərinə təsirini göstərər, beləliklə də, Qarabağ və Şərqi Zəngəzurun bərpasında ABŞ-nin birbaşa köməkliyini görərik".