Modern.az

Şəhidlərimiz - Dəyərlərin Zirvəsində

Şəhidlərimiz - Dəyərlərin Zirvəsində

Aktual

12 Oktyabr 2025, 16:35

Bir çox dəyərlər var ki, onlar həm milli, həm də dini dəyərlər sırasındadır. Şəhidlərimiz isə bu dəyərlərin birincisində – ən ucasında dayanırlar.

Təəssüf ki, xalq olaraq biz bu dəyərlərə hər zaman layiqincə sahib çıxmırıq. Düşünürük ki, guya o dəyərləri qoruyuruq, amma dinimizin göstərişlərinə nəzər salsaq, görərik ki, bəzən bu cür “sahiblik” əslində o dəyərlərin ruhunu zədələyir, onları aradan aparmağa xidmət edir.

Sadə bir nümunə çəkim, hamıya da aydın olacaq nə demək istədiyim.

Şəhidlərimizin anım günlərində mahnı oxumaq, əl çalmaq, musiqi ilə qeyd etmək hallarına rast gəlirik.

Sual edirəm: bu kimi davranışlar dinimizin, şəriətimizin hansı hissəsində icazəli sayılır?

Daha sadə bir sual:

Sizdən hansı biri öz ata, ana və ya qardaşının ildönümündə mahnı oxuyub, əl çalırsınız?

Təbii ki, cavabınız “yox” olacaq.

Bəziləri deyə bilər ki, “onlar şəhidlərdir, bizim ölənlərimizdən fərqlidirlər”.

Bu cavab zahirən gözəl səslənsə də, gəlin bir az dərinə baxaq.

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətinin üzərindən 1400 ildən çox vaxt keçib.

Bu illər ərzində müsəlmanlar o günləri necə yad ediblər?

Nə üçün o günlərdə mahnı oxunmur, əl çalınmır?

Əksinə, o günlərdə Quran tilavət olunur, şəhidliyin mənəvi məqamı barədə danışılır, mərsiyə və rövzələr oxunur.

Bəs siz niyə fərqli davranırsınız?

Kimdən və hansı dindən belə bir adəti götürüb şəhidlərimizin məclislərində həyata keçirirsiniz?

İcazənizlə bunu da deyim: bu məsələdə günah təkcə tədbir təşkil edənlərdə deyil, həm də o məclislərdə oturan ruhanilərdədir.

Çünki onlar şəhid valideynlərinə bu işin şəriət baxımından necə olduğunu izah etməlidirlər.

Sizcə, şəhid ailələri ruhaniləri eşitməzmi?

Vallahi eşidərlər!

O insanlar  balasını vətən uğrunda fəda edən ata-analar  heç vaxt dini dəyərlərimizin ayaq altına salınmasına razı olmazlar.

Ümid edirəm ki, şəhid valideynləri bu sözlərimə görə inciməzlər.

Çünki bilirəm ki, onlar müqəddəs insanlardır və heç vaxt dinin müqəddəsliklərini tapdalamazlar.

Mənim üçün şəhid valideynləri həqiqətən də müqəddəs insanlardır.

Mübariz Rəhimov

Pirallahı məscidinin imamı .

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!