Modern.az

Aydınlıq: çətin və şərəfli bir missiya

Aydınlıq: çətin və şərəfli bir missiya

Aktual

16 Oktyabr 2025, 17:56

(Hörmətli həmkarın Fazil Mustafanın 60 illik yubileyinə)

Yaranışından bu günümüzə qədər bəşəriyyətin keçdiyi təkamül yolu hansı nəsnələrin qorunub saxlanmasının vacib olduğunu aydın göstərir. Ayrı-ayrı dövrlərdə daş-qaş, zinət-bəzək və ya mülk sərvətlərini qoruyub-saxlamağa və nəsildən nəsillərə ötürməyin faydasız olduğu öz təsdiqini çoxdan tapıb. Müdrikliyi fəth etmiş əcdadlarımız insanlığın minilliklər boyu davam edən həyatında özlərindən sonrakı nəsillərə ötürülməli olan ən dəyərli sərvətin məhz elm və bilik olduğuna əmin olublar. Odur ki, bu gün yaşı minillərə dayanan kitabların dəyəri hər cür maddi sərvətlərdən daha yüksək qiymətləndirilir və onlar dünyanın ən müxtəlif bölgələrində ən təhlükəsiz şəraitdə qorunub saxlanılır. İnsanlığın keçmişini öyrənərək bu gününü dəyərləndirən və gələcəyini öngörməyə çalışan aydınlarımız da məhz kitablara müraciət edərək nəticə çıxarır və çağdaş ictimai şüuru düzgün istiqamətləndirmək üçün fədakarlıq göstərirlər.

Yaşadığımız rəqəmsallaşma dövründə informasiya sürətlə istehsal və istehlak olunur, lakin eyni sürətlə mənimsənilmir. Kitab oxumaq insanlığın təcrübəsindən və müşahidəsindən doğan biliyi əldə etmək və mənimsəmək fəaliyyətindən daha çox gündəlik həyat vərdişi kimi qavranılmağa başlayır. Bütün üstünlükləri ilə yanaşı bunun hansı fəsadları yaradacağı gələcək nəsillərin həyatında özünü büruza verəcək. Amma çağdaş dövrümüzə qədər yaddaşlarda və zehinlərdə dərin iz buraxmış kitablarla yetişmiş və o kitablardan çıxardıqları qənaətlərlə milli ictimai fikrimizə aydınlıq gətirməyə və onu zənginləşdirməyə çalışan ziyalılarımız öz missiyalarını davam etdirməkdədirlər. Belə ziyalılarımızdan biri olan Fazil Mustafanın əsərləri milli düşüncənin, mənəvi dəyərlərin, tarixi yaddaşın və çağdaş ideoloji istiqamətlərin yenidən nəzərdən keçirilməsinə işıq salır.

Fazil Mustafanın yaradıcılığı ictimai-siyasi, nəzəri-publisistik və elmi-fəlsəfi mahiyyət daşıyır. Bu əsərlər vasitəsilə müəllif milli köklərə söynənən kimlik, ictimai şüur və dəyər mövzularını ardıcıl və sistemli şəkildə işıqlandırır. Sağlam və fərqli düşüncəni dərk edən insanlara “Sağlam düşüncə alternativi”ni təklif edən müəllif “İslam qorxusu və müsəlman qoxusu” əsərində dini məsələlərə rasional yanaşması ilə diqqət çəkir. “Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə” kitabında milli dövlətçiliyin və çağdaş kimliyin tarixi köklərini araşdırır. “Anladım. Tanıdım. Yaşadım” əsərində isə Fazil bəy öz mənəvi dünyasına səmimi baxışlarını sərgiləyərək həyat təcrübəsindən çıxış etməklə fərdin özünüdərk səviyyəsinə yüksəlməyin yollarını oxucuya təqdim edir.

“Azərbaycanda türk kimliyi və saxta tarix problemi”, “XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları”, “Asiyadan sivilizasiyaya”, “Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü – dini-fəlsəfi aspekt”, “Azərbaycan türkünün iman davası”, “Bir türkün manifesti”, “Dirilən adamın düşüncələri”, “Hər yürüyən yolçudurmu?”, “Cəhalət gülləsi, aydınlıq çiləsi” və.s. kitablarında ortaya qoyduğu fikirlərlə Fazil Mustafa çağdaş cəmiyyətimizdə sağlam düşüncə, mənəvi özünüdərk və milli ideoloji yenilənmə kimi məsələlərə baxış formalaşdırır. Bu kitabların bir çoxundan müəllifin öz obrazı boylanır və öz-özünə belə sual ünvanlayır: “Xeyirli ömür yaşadımmı?!…” Bu suala verdiyi “Yaşadım” cavabı ləyaqətlə yaşanmış ömrün mənəvi-məfkurəvi hesabatı kimi səslənir.

Fazil Mustafa dövrümüzdə ən fədakar insanların üzərinə ala biləcəyi bir ictimai vəzifəni könüllü olaraq öz öhdəsinə götürüb – cəmiyyətin şüuru ilə işləmək vəzifəsini. Bu, bütün dövrlərdə çox çətin bir iş olub. Bu yolu seçənlər həmişə təzyiqlər, təhdidlər və təəssüf ki, hətta faciələrlə də üzləşiblər. Bu yolda asılanlar, dərisi soyulanlar, daş-qalaq olunanlar, güllələnənlər, sürgün edilənlər olub, amma şüurları oyatmaq, cəmiyyəti maarifləndirməklə onun ən qaranlıq mühitinə işıq salmaq və aydınlatmaq kimi vacib və nəcib missiyalarından heç vaxt dönməyiblər. Doğrudur, indi orta əsrlər deyil. Əski şüurla yeni düşüncə tərzinin toqquşduğu yeni dövrün başlanğıcından da ən azı iki əsrlik məsafədəyik. Amma bütün zamanlarda həmişə materiyanın şüuru üstələdiyi bəşər cəmiyyətinin tarixində şüur uğrunda mübarizə elə zamanın özü kimi daimi və davamlı olub. Zira şüur uğrunda mübarizə İnsanlığın özünün tərəqqisi üçün ilkin mütləq şərtdir. Fazil bəy də çağdaş zamanımızda bu missiyanın davamçısı və daşıyıcısı kimi çoxsaylı aydınlarımızın fədakarlıq örnəyidir. Məqsədi və məramı hələ də üzləşdiyimiz cəhalət və nadanlığa, məsuliyyətsizlik və biganəliyə, bir sözlə, insan cəmiyyətinin inkişafına maneçilik törədən bütün təzahürlərə qarşı üsyan etmək, qaragüruha, zəka geriliyinə və mənəvi deqradasiyaya müqaviməti təşkil etmək və xalqın gələcək nəsillərini aydın, təhlükəsiz, ictimai şüurun daha yüksək səviyyəsinə hakim olan mənəvi cəhətdən sağlam və mədəni bir sabaha aparan yola istiqamətləndirməkdir. Bu çox çətin, amma şərəfli bir missiyadır. Fazil Mustafaya tutduğu bu yolda davamlı uğurlar arzulayıram.

Hörmətli həmkarım Fazil bəyi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, səadət və xoşbəxtlik arzulayıram!

 

Hörmətlə,

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ