Modern.az

BMU tələbələri “Holberton School Azerbaijan” barədə məlumatlandırılıb

BMU tələbələri “Holberton School Azerbaijan” barədə məlumatlandırılıb

Aktual

17 Oktyabr 2025, 15:48

Bakı Mühəndislik Universitetində (BMU) “Holberton School Azerbaijan” tərəfindən "Aİ dövründə proqramlaşdırma” adlı seminar və “PAŞA Holding”in sponsorluğu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən təqaüdlü informasiya texnologiyaları (IT) proqramları barədə məlumat sessiyası təşkil olunub.  

Modern.az xəbər verir ki, öncə BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov, Müəssisələrlə Əlaqələr və Karyera Mərkəzinin müdiri Gülçöhrə İbrahimova çıxış edərək müasir texnologiya sahələrinin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, mütəxəssislərlə keçirilən görüşlər tələbələrə real bacarıqlar qazandırmaq, onları gələcək əmək bazarına hazırlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.     

Sonra “Holberton School Azerbaijan”ın  direktoru  Şəmsi Bayramzadə beynəlxalq təhsil şəbəkəsi haqqında məlumat verib. O, “Holberton School”un ABŞ-də formalaşdırılmış metodologiyaya əsaslanan beynəlxalq texnologiya məktəbi olduğunu, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərdiyini, təhsil alanlara müasir bilik və bacarıqlar qazandırdığını, qlobal sertifikat və karyera imkanları yaratdığını qeyd edib. Həmçinin “Holberton School Azerbaijan” tərəfindən həyata keçirilən 100% təqaüdlü IT proqramlarının özünü inkişaf etdirmək istəyənlər üçün unikal imkan olduğunu deyib.    

Seminarın davamında şirkətin mentoru Ruslan Həmidov “Süni intellekt proqramlaşdırmanı necə dəyişir?” adlı məruzə ilə çıxış edib. Məruzədə proqramlaşdırmanın gələcəyi, süni intellekt texnologiyalarının bu sahəyə təsiri və müasir əmək bazarında tələb edilən yeni bacarıqlar ətraflı şərh olunub. Süni intellektin iş yerlərinə təsiri və gələcəkdə proqramlaşdırma peşələrinin necə formalaşacağı istiqamətində aparılan təhlillər diqqətə çatdırılıb. R.Həmidov Holbertonun özəlliklərindən, yaratdığı imkanlardan, tələbələr üçün elan olunan təqaüd proqramlarından da danışaraq tələbələrin bu proqram  çərçivəsində “Computer Science (Web Development)”, “Machine Learning”, “Full Stack Web Development”, “Cybersecurity” sahələri üzrə təhsil ala biləcəyini deyib.   

Tədbir zamanı iştirakçılar həmçinin proqrama qeydiyyat qaydaları, imtahan prosesi, seçim meyarları ilə tanış olublar. Qeydiyyat  //holbertonschool.az/ saytında aparılır və son tarix 29 oktyabr müəyyən edilib.  

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ