Modern.az

Bakıda bal yarmarkası keçirilir

Bakıda bal yarmarkası keçirilir

Aktual

18 Oktyabr 2025, 10:57

Kənd Təsərrüfatı Nazirliyi və Nazirliyin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə 18 oktyabr – 9 noyabr tarixlərində 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır.

Modern.az xəbər verir ki, yarmarkada bu il 43 regiondan 280-dən çox arıçı-fermer iştirak edir.

İştirakçılara satış yerləri fəaliyyət göstərdikləri rayonlarda arıçıların sayına uyğun olaraq proporsional qaydada ayrılıb. Qeydiyyat prosesi 5–7 sentyabr tarixlərində bal.kendden.az portalı vasitəsilə onlayn qaydada həyata keçirilib. Yarmarkada iştirak hüququ yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində sentyabrın 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatını bəyan etmiş fermerlərə verilib.

Bu ilki yarmarkada 100 tondan artıq təbii bal və 15-dən çox adda arıçılıq məhsulu satışa çıxarılacaq. Satışa təqdim olunan bütün məhsullardan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nümunələr götürülərək laborator müayinələr aparılıb. Keyfiyyət və qida təhlükəsizliyi standartlarına cavab verməyən məhsulların satışına icazə verilməyib.

Yarmarkada bu il bir sıra yeniliklər də tətbiq olunacaq. Belə ki, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən fermerlərə satış zamanı ödənişsiz qablaşdırma və brendləşmə dəstəyi göstəriləcək.

Ənənəvi sərgi-satış yarmarkası hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında, “Gənclik” metro stansiyasının yaxınlığında fəaliyyət göstərəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ