Peşə bayramı günü münasibətilə İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Salyan Elektrik Şəbəkəsinin rəhbərliyi və kollektivi Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər. Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonumuzun ictimaiyyəti adından ölkə iqtisadiyyatının inkişafında müstəsna xidmətləri olan energetikləri peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edib, energetika sahəsində aparılan islahatların həyata keçirilməsindəki səmərəli, məsuliyyətli və işıqlı fəaliyyətilərində onlara uğurlar arzulayıb.
Daha sonra Statistika işçilərinin peşə bayramı qeyd olundu. Rayon Statistika İdarəsinin inzibati binasında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayon Statistika İdarəsinin rəhbərliyini və kollektivini “Ümumdünya Statistika Günü” peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edib, statistika sisteminin müasir tələblərə uyğun qurulması sahəsində aparılan islahatların həyata keçirilməsindəki səmərəli, məsuliyyətli və məqsədyönlü fəaliyyətlərində onlara uğurlar arzulayıb.
RİH başçısı çıxışı zamanı Cənab Prezident İlham Əliyevin statistikaya göstərdiyi qayğının, dövlət idarəçiliyinin daha şəffaf və məqsədyönlü olmasına xidmət etməsindən və bu sahəyə verilən önəmin, həm dövlətin özünü, həm də vətəndaşların həyat keyfiyyətini daha aydın ifadə edən göstəricilərin mövcudluğunu təmin etməsinin bariz nümunəsi olduğunu qeyd edib. Rayon rəhbəri hər bir sahədə müşahidə olunan yüksəlişin istər iqtisadi göstəricilərdə, istər sosial rifahda, istərsə də beynəlxalq nüfuzumuzda uzun və əzmkar bir zəhmətin, düzgün idarəetmənin nəticəsi olmasını vurğulayıb. Digər çıxış edənlər statistikanın dövlət idarəçiliyinin ayrılmaz və strateji istiqamətlərindən olması haqqında fikirlərini bölüşüb, bu sahədə çalışan əməkdaşları təbrik ediblər.