Azərbaycanın ikinci böyük şəhəri Gəncə Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransına ev sahibliyi edir.
Modern.az xəbər verir ki, oktyabrın 20-də öz işinə başlayan tədbir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Çukurova Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransda Türkiyənin Çukurova və Ege universitetləri başda olmaqla, ümumilikdə 15 ölkədən yüzlərlə alim və tədqiqatçı iştirak edir. Açılış mərasimi Gəncə Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop kənd təsərrüfatı və qida texnologiyaları sahəsində Türkiyənin həyata keçirdiyi layihələrdən bəhs edib. O, TİKA tərəfindən Gəncə və ətraf bölgələrdə icra olunan layihələrin iki ölkə arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyini vurğulayıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Ege Universitetinin rektoru Nəcdət Budak tədbirin əhəmiyyətini qeyd edərək, konfransın təşkilində dəstəyə görə TİKA-ya təşəkkürlərini bildiriblər.
Tədbir çərçivəsində kənd təsərrüfatında innovativ texnologiyalar, qida təhlükəsizliyi, davamlı istehsal və iqlim dəyişikliklərinə uyğunlaşma mövzularında elmi müzakirələr aparılır.
Konfrans öz işinə oktyabrın 23-də yekun vuracaq.