Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda “Deutsche Welle” jurnalisti Konstantin Eggerə müsahibə verib.
Modern.az-ın məlumatına görə, o, müsahibədə Bakı ilə sülh danışıqları və regionda nəqliyyat əlaqələrinin bərpası barədə danışıb.
Nazir xatırladıb ki, 8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə mühüm sammit keçirilib və həmin görüş zamanı xarici işlər nazirləri “Vaşinqton Bəyannaməsi”ni paraflayıblar.
Onun sözlərinə görə, sənəd iki ölkə arasında qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin toxunulmazlığı və kommunikasiya xətlərinin bərpası kimi əsas prinsipləri özündə birləşdirir.
“İndi növbəti addım sülh sazişinin imzalanması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı texniki detalları razılaşdırmaqdır. Bundan sonra infrastrukturun bərpası və tikinti mərhələsi başlayacaq”, - deyə Mirzoyan bildirib.
Ermənistan XİN rəhbəri qeyd edib ki, tərəflər arasında dövlət sərhədinin delimitasiyası prosesinə start verilib: “Biz artıq 12 kilometrlik hissəni müəyyən etmişik. Proses çətin olsa da, qarşılıqlı anlaşma mövcuddur və işlər eyni, hətta daha sürətli templə davam edə bilər”.
Müsahibədə “Tramp marşrutu” adlandırılan nəqliyyat layihəsinə də toxunan Mirzoyan bildirib ki, tərəflər bütün kommunikasiya xətlərinin və infrastrukturun açılması barədə razılığa gəliblər. “Bu o deməkdir ki, Ermənistan Azərbaycan dəmir yoluna, Azərbaycan isə bizim dəmir yolumuza çıxış əldə edir. Yəni, hər iki ölkə normal qonşular kimi bir-birinin ərazisindən keçə biləcək”, – deyə o əlavə edib.
Nazirin sözlərinə görə, məqsəd regionda qarşılıqlı iqtisadi asılılığı artırmaq və daimi sülh üçün şərait yaratmaqdır.