Modern.az

Hərbi məlumat və bildirişləri artıq “mygov”dan əldə edə bilərsiniz

Hərbi məlumat və bildirişləri artıq “mygov”dan əldə edə bilərsiniz

Aktual

22 Oktyabr 2025, 09:46

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlar artıq hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilərlər.

Bu barədə SHXÇDX-dən Modern.az-a məlumat verilib.

Bildirilib ki, artıq vətəndaşların ilkin hərbi qeydiyyata alınması, mütləq müayinədən sonra hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmə nəticəsində çağırışçının hərbi xidmətə yararlı hesab olunması, əlavə tibbi müayinədən sonra şəhadətləndirilmənin nəticələri, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış yekun tibbi müayinənin nəticələri, yekun tibbi müayinədən sonra xəstəliklər cədvəlinin müvafiq bəndlərinə uyğun olaraq çağırış komissiyasının qərarı, həmçinin ailə vəziyyəti və təhsili davam etdirməyə görə çağırışdan möhlət hüququnun verilməsi barədə bildirişlər vətəndaşın “mygov” platformasındakı şəxsi kabinetinə yerləşdirilir. 

Bundan başqa, hərbi qeydiyyat, müddətli həqiqi hərbi xidmət, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət, müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə, müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair və həqiqi hərbi xidmət keçmək haqqında məlumatları “mygov” vasitəsilə tam rəqəmsal formada əldə etmək mümkündür. 

Vətəndaşlar xidmət mərkəzlərinə getmədən həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə öz hərbi məlumatları ilə tanış ola, sənədləri “PDF” formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərlər.

Bunun üçün portal istifadəçiləri “mygov” platformasında “Xidmətlər” bölməsinə daxil olmalı, “Hərbi” alt bölməsinə keçid etməli, hərbi məlumat növünü seçərək məlumatlarla tanış olub sənədi istəyə uyğun olaraq “PDF” formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilər.

Qeyd olunub ki, Dövlət Xidməti üçün vətəndaşlara göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir və bu istiqamətdə işlər davam etdirilməkdədir. Bu sahədə aparılan islahatlar və yeniliklər xidməti fəaliyyətdə şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, həmçinin Silahlı Qüvvələrin sağlam çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirilməsi, səfərbərlik sisteminin səmərəliliyinin artırılması məqsədini daşıyır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyev üsyan bayrağı qaldırdı - Çöldəki agentləri hərəkətə keçdi