Modern.az

Azərbaycanın tranzit jesti - Cənubi Qafqazın gələcəyi dəyişəcək

Azərbaycanın tranzit jesti - Cənubi Qafqazın gələcəyi dəyişəcək

Aktual

22 Oktyabr 2025, 13:22

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Tokayev ilə mətbuata bəyanatında məlumat verib.

"Qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - dövlət başçısı bildirib.

Ermənistan rəsmiləri Prezident İlham Əliyevin açıqlamasını müsbət qarşılayıblar. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan liderinə təşəkkür edib. O, İrəvanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazır olduğunu bildirib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Modern.az-a açıqlamasında bildirib ki, bu qərar iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət edir:

“Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına doğru konkret addımlar atır. 8 avqustda xarici işlər nazirləri sülh sazişini paraflayıblar. Prezident İlham Əliyevin açıqlaması göstərir ki, etimad mühitinin yaradılması istiqamətində real irəliləyiş var. Qazaxıstandan Ermənistana taxıl daşınması məhz bu inamın nəticəsidir”.

Deputat qeyd edib ki, Ermənistan tərəfi də adekvat addımlar atacağına dair öhdəlik götürüb:

“Paşinyan hökuməti Azərbaycanın qərarına qarşılıq olaraq analoji addımlar atacağını bəyan edib. Məhdudiyyətlərin aradan qaldırılması gələcəkdə konstitusiyadan anti-Azərbaycan müddəaların çıxarılmasına və 2026-cı ilin sülh ili kimi tarixə düşməsinə zəmin yarada bilər”.

Elman Nəsirov əlavə edib ki, Zəngəzur dəhlizi üzrə işlərin Azərbaycan ərazisində 2026-cı ilin ortalarına qədər tamamlanması planlaşdırılır:

"Cənab Prezident Qazaxıstanda onu da bildirdi ki, Zəngəzur dəhlizi ilə bağlı avtomobil və dəmir yolu  xətlərinin çəkilməsi istiqamətində işləri Azərbaycan öz ərazisində 2026-cı ilin ortalarına qədər başa çatdırmaq niyyətindədir. Belə olan vəziyyətdə qarşı tərəfdə işlər 2028-ci ilə qədər yekunlaşa bilər. Və 2026-cı ilin sonuna qədər Zəngəzur dəhlizi işlək vəziyyətə keçə bilər. Bütün bu  böyük işləri həyata keçirmək  üçün addımlar atılmalıdır. İlk növbədə etimad mühiti yaradılmalıdır. Yük daşımları sahəsində əldə etmiş razılıqlar  da məhz eyni məqsədə xidmət edir"

Azərbaycanın regional mövqeyi güclənir

Politoloq Zaur Məmmədov hesab edir ki, Azərbaycanın qərarı Cənubi Qafqazda onun lider mövqeyini daha da möhkəmləndirəcək:

“Qazaxıstan taxılının Azərbaycan vasitəsilə Ermənistana daşınmasına icazə verilməsi Bakının sülh prosesinə sadiqliyini nümayiş etdirir. Bu, həm də Azərbaycanın bölgədə tranzit və qərarverici mərkəz rolunu gücləndirir. Ermənistan isə əlavə logistik imkanlar əldə edəcək və Şərq–Qərb, Cənub–Şimal dəhlizlərinə inteqrasiya imkanı qazanacaq.”

Politoloqun sözlərinə görə, bu proses Türkiyə-Ermənistan münasibətlərinə də müsbət təsir göstərə bilər:

“Biz bilirik ki, Türkiyə uzun müddətdir, Azərbaycanla Ermənistan arasında yeni səhifənin açılmasını gözləyir. Azərbaycan tərəfindən verilən qərarlardan sonra  türkiyə-Ermənistan münasibətlərində də biz mülayimləşməni, yeni səhifənin açılnmasını , kommunikasiya məsələləri ilə bağlı görə bilərik.  Hər iki ölkə tərəfindən sərhədyanı ərazilərdə işlər görülməkdədir. Ermənistan özü TRIPP yolundakı işləri tez zamanda başa çatdırsın. Hazırda bəzi məsələlər ətrafında Azərbaycanla Ermənistan arasında danışıqlar baş verməkdədir. Artıq biz bu istiqamətdə irəliləyişlərin olduğunu görə bilərik”.

Sizə yeni x var
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!