Əldə olunan siyasi irəliləyişlər fonunda Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar geniş müzakirə mövzusuna çevrilib. Habelə, Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqlarının təkcə diplomatik səviyyədə deyil, ictimai müstəvidə də dəstəklənməsinə ehtiyac duyulur. Məhz bu baxımdan, Azərbaycanda fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının (QHT) Ermənistana səfəri aktual mövzuya çevrilib.
Modern.az-a açıqlamasında “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İB-nin sədri, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Xatirə Vəliyeva bildirib ki, hazırkı mərhələdə Azərbaycan və Ermənistan arasında münasibətlərdə həssas, lakin ümidverici bir dövr yaşanır.
“Rəsmi səviyyədə sülh danışıqları aparılır, kommunikasiya xətləri bərpa olunur, qarşılıqlı etimadın qurulması üçün addımlar atılır. Belə bir şəraitdə Azərbaycan QHT-lərinin Ermənistana səfəri məsələsinə çox incə və strateji yanaşmaq lazımdır. Prinsip etibarilə, vətəndaş cəmiyyəti təşkilatları, xüsusilə də sülh, insan hüquqları, mədəni əməkdaşlıq və regiondakı sabitliyin təşviqi ilə məşğul olan QHT-lər bu prosesi dəstəkləyən “yumşaq diplomatiya” vasitəsi ola bilər”.
X.Vəliyeva onu da qeyd edib ki, real şəraitdə hələ tam etimad mühiti formalaşmayıb:
“Ermənistan cəmiyyətində Azərbaycanla bağlı stereotiplər və siyasi manipulyasiyalar davam edir. Eyni zamanda, Azərbaycan cəmiyyətində də bu cür səfərlərin emosional qəbul olunması məsələsi var. Bu səbəbdən, QHT səfərləri hazırkı mərhələdə yalnız rəsmi razılaşmalar və təhlükəsizlik təminatı çərçivəsində həyata keçirilə bilər. Əsas məsələ isə sülh danışıqlarını dəstəkləmək, qarşılıqlı etimad üçün intellektual və mənəvi zəmin yaratmaqdır”.