Modern.az

AZAL-ın təyyarəsi ilə bağlı araşdırmanın nəticələri bu tarixdə açıqlanacaq

AZAL-ın təyyarəsi ilə bağlı araşdırmanın nəticələri bu tarixdə açıqlanacaq

Aktual

22 Oktyabr 2025, 14:14

AZAL-a məxsus “Embraer-190” təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə bağlı araşdırmanın nəticələri yeni ildən sonra açıqlana bilər.

Modern.az-ın məlumatına görə, bu barədə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

O, hadisəni araşdıran dövlət komissiyasına rəhbərlik etdiyini xatırladıb və hazırda təhqiqatın davam etdiyini bildirib:

“Belə araşdırmaların normativ müddəti təxminən bir ildir, bəzən bir qədər çox çəkə bilər. İşlər bu qaydada aparılır,” - o, parlamentdə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

Qazaxıstan rəsmisi avqust ayında bildirmişdi ki, “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yekun hesabat bir neçə ay ərzində təqdim olunacaq. O zaman təyyarənin avionik (aviasiya elektronikası-red.) modulu ekspertiza üçün ABŞ-a göndərilmişdi.

Qazaxıstan tərəfi hadisənin səbəblərini tam aydınlaşdırmaq üçün beynəlxalq ekspertlərlə birgə araşdırmaları davam etdirir.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həlak olub. Təyyarə Rusiya üzərində vurulduqdan sonra qəzaya uğrayıb.

Qeyd edək ki, bu il oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Görüş zamanı Rusiya Prezidenti Vladimir Putin AZAL-ın təyyarəsi ilə bağlı bir daha Prezident İlham Əliyevdən üzr istəyib.

O, qeyd edib ki, təyyarə qəzasına obyektiv qiymət verilməsi vacibdir.

"Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri müəyyənləşdirməkdir. Lakin bu, müəyyən vaxt tələb edir. Bu məsələni sona çatdırmaq üçün yəqin ki, bir qədər də vaxta ehtiyac var”, - deyə Prezident Putin əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!