Modern.az

Qazaxıstan etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən güclü dövlətdir

Qazaxıstan etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən güclü dövlətdir

Aktual

22 Oktyabr 2025, 17:53

"Azərbaycan–Qazaxıstan münasibətləri müasir beynəlxalq sistemin çoxqütblülük mərhələsində türk dünyasının həmrəyliyinin strateji nümunəsinə çevrilib. Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmiş Ali Dövlətlərarası Şuranın ikinci iclası və dövlət başçısının mətbuata bəyanatı təkcə iki ölkə arasında əməkdaşlıq perspektivlərini müəyyən etmir, həm də Avrasiya məkanında formalaşan yeni geosiyasi reallıqların mahiyyətini açıq şəkildə diqqətə çatdırır. Qazaxıstanın modernləşmə kursu, süni intellekt və innovasiya texnologiyalarının tətbiqi istiqamətində atdığı addımlar, iqtisadi sabitliyin qorunması və beynəlxalq nüfuzun artması Azərbaycan tərəfindən strateji tərəfdaşlıq baxımından yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Qazaxıstan bu gün etibarlı tərəfdaş, suveren və müstəqil siyasət yürüdən, milli maraqlarını qoruyan güclü dövlətdir."

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkilinin sözlərinə görə Azərbaycanla Qazaxıstanı birləşdirən amil yalnız ortaq tarixi və mədəni köklər deyil, həm də müasir geosiyasi reallıqlara uyğun dövlətçilik fəlsəfəsidir:

"Hər iki ölkə regional sabitliyi prioritet sayır, beynəlxalq hüquqa əsaslanan münasibətlər sisteminin tərəfdarıdır. Bu mənada İlham Əliyevin bəyanatında xüsusi yer tutan “milli maraqlar çərçivəsində həyata keçirilən siyasət” anlayışı həm də türk dövlətləri arasında inteqrasiya modelinin siyasi fəlsəfəsini müəyyənləşdirir. Qazaxıstanın işğal dövründə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstək göstərməsi, bütün beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi bu münasibətlərin sarsılmaz təməlini təşkil edir.

Azərbaycan–Ermənistan sülh prosesi kontekstində Qazaxıstanın mövqeyi də strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bəyanatında qeyd etdiyi kimi, Vaşinqtonda Prezident Donald Trampın iştirakı ilə imzalanmış sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu prosesi dəstəkləmiş və əldə olunan razılaşmaları regionun gələcəyi üçün mühüm hadisə kimi qiymətləndirmişdir. Bu, iki ölkə arasında qarşılıqlı etimadın və qardaşlığın konkret siyasi ifadəsidir. Azərbaycan tərəfinin Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması, ilk yüklərin Qazaxıstan taxılının Ermənistan istiqamətində daşınması ilə reallaşması sülhün yalnız diplomatik sənədlərdə deyil, praktik həyatda da təcəssüm tapdığını sübut edir."

Azər Kərimli vurğulayıb ki, İlham Əliyevin çıxışında diqqət çəkən mühüm istiqamətlərdən biri də Avrasiya məkanında nəqliyyat və logistika sistemlərinin inteqrasiyasıdır:

"Prezidentin qeyd etdiyi kimi, Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri yalnız regional iqtisadi proseslərin deyil, həm də geosiyasi balansın yenidən formalaşmasının əsas sütunlarıdır. Azərbaycan ərazisində infrastrukturun gələn ilin ortalarında tam başa çatdırılması planı və 2028-ci ilə qədər dəhlizin tam açılması perspektivi Cənubi Qafqazı Mərkəzi Asiya ilə vahid nəqliyyat-coğrafi sistemdə birləşdirəcək. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi inteqrasiyanın yeni mərhələsinə keçidin ifadəsidir. TRIPP layihəsinin ABŞ tərəfindən dəstəklənməsi isə göstərir ki, Avrasiya məkanında yeni enerji və ticarət marşrutlarının formalaşması artıq qlobal maraqların kəsişdiyi nöqtəyə çevrilib.

Azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” prosesi çərçivəsində Qazaxıstanın dəstəyinin qeyd olunması həm humanitar, həm də siyasi baxımdan simvolik əhəmiyyət daşıyır. Füzulidə Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin birgə açılışını etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yalnız təhsil ocağı deyil, həm də türk birliyinin mənəvi rəmzidir. Qarabağda bərpa və yenidənqurma prosesinə qardaş dövlətlərin real töhfələri “Böyük Qayıdış”ın regional həmrəyliklə həyata keçdiyini göstərir.

Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın dinamikası da yüksələn xətt üzrə inkişaf edir. Ali Şuranın iclası çərçivəsində Hökumətlərarası Komissiyanın nəticələri, əmtəə dövriyyəsinin artımı, Birgə İnvestisiya Fondunun yaradılması və artıq icra mərhələsində olan layihələr bu tərəfdaşlığın iqtisadi əsaslarını möhkəmləndirir. Energetika, bərpaolunan enerji mənbələri, Xəzərin dibi ilə elektrik kabelinin çəkilişi üzrə imzalanmış üçtərəfli sazişlər regionun enerji təhlükəsizliyinə yeni strateji ölçü qazandırır. Bu, həm də Xəzər hövzəsində qarşılıqlı asılılıq deyil, qarşılıqlı gücün sintezini formalaşdırır."

Deputatın sözlərinə görə mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət də dövlətlərarası münasibətlərin ideoloji dayaqlarından biridir:

"Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin, Azərbaycanda isə Qazaxıstan Mədəniyyəti Günlərinin keçirilməsi, bu istiqamətdə yol xəritəsinin hazırlanması barədə təşəbbüs xalqların mənəvi yaxınlığını dərinləşdirən mühüm addımdır. İlham Əliyevin ifadə etdiyi kimi, “xalqlarımızı birləşdirən çoxəsrlik dostluq və qardaşlıq münasibətləri dövlətlərarası əlaqələrin bünövrəsidir”.

Ali Dövlətlərarası Şuranın ikinci iclası həm də türk dövlətləri arasında yaranan yeni siyasi sinerjinin təzahürüdür. Avrasiya regionu üzrə layihələrin icrası Cənubi Qafqazla Mərkəzi Asiyanı vahid iqtisadi və siyasi məkanda birləşdirir. Bu inteqrasiya xətti nəinki dövlətlərimizin inkişafına, həm də beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzinin formalaşmasına xidmət edir.

Azərbaycan və Qazaxıstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsi bu strateji əməkdaşlığın qlobal ölçülərini nümayiş etdirir. Gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Sammitlərinə Qazaxıstan Prezidentinin fəxri qonaq qismində dəvət edilməsi türk dövlətləri arasındakı həmrəyliyin daha bir təzahürü olacaq.

Bu görüşlər göstərir ki, İlham Əliyev və Kasım-Jomart Tokayev liderliyi altında Azərbaycan–Qazaxıstan münasibətləri təkcə regional əməkdaşlığın deyil, həm də türk dünyasının strateji gələcəyinin siyasi dayaqlarından birinə çevrilib. Bu tərəfdaşlıq modeli postsovet məkanında müstəqil dövlətlər arasında bərabərlik, qarşılıqlı hörmət və real nəticəyə əsaslanan əməkdaşlığın ən parlaq nümunəsidir."

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!