Modern.az

İrəvandan qayıdan azərbaycanlılar Modern.az-a danışdılar: Ermənilər də Bakıya gələcək

İrəvandan qayıdan azərbaycanlılar Modern.az-a danışdılar: Ermənilər də Bakıya gələcək

Aktual

23 Oktyabr 2025, 10:05

Ötən gün Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Onlar Ermənistan nümayəndələri, həmçinin rəsmi şəxslərlə görüşüblər.

Azərbaycanı Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri) təmsil ediblər.

Erməni tərəfdən isə müzakirələrdə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.

Tədbir Vaşinqtonda 8 avqust 2025-ci ildə qəbul edilən Birgə Bəyanatın ruhuna uyğun olaraq sülh gündəminin irəlilədilməsinə yönəlib və bu formatda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olub.

Modern.az görüşdə iştirak edən azərbaycanlı QHT sədrlərilə həmsöhbət olub.

Saytımıza açıqlamasında Dilarə Əfəndiyeva bildirib ki, görüş çox səmərəli keçib:

“Məqsəd vətəndaş cəmiyyətlərini artıq sülh prosesinə cəlb etmək və onun istiqamətlərini müzakirə edib üzə çıxarmaq idi. Təbii ki, birgə bəyanat çərçivəsində bütün işlər həyata keçiriləcək. QHT-lər planlaşdırmalı və çalışmaladılar ki, erməni tərəfi ilə işbirliyi qursunlar. Bundan savayı, öz cəmiyytimizlə də işləməliyik. Görüləsi işlərimiz çoxdur.

D.Əfəndiyeva Ermənistan nümayəndələrinin də Azərbaycana gələcəyini istisna etməyib: “Erməni nümayəndə heyəti nə vaxtsa gələcək. Lakin hələ tarix müəyyən edilməyib. Təbii ki, bu proses qarşılılqı olmalıdır. Sonuncu görüşümüz olmamalıdır.  Bu layihə genişlənməlidir. Prosesə başqa QHT-lər də daxil eiləcək. Vətəndaş cəmiyyət tək biz deyilik ki...”

Dilarə Əfəndiyeva İrəvanda yaxşı qarşılandıqlarını söyləyib: “Münasibətləri də çox yaxşıydı. Biz insanlar tərəfindən də heç bir təhdid görmədik”.

Fərhad Məmmədov isə vurğulayıb ki, görüş zamanı bir çox məsələlər müzakirə olunub:

“Bu, vətəndaş cəmiyyəti nümayəndələrinin görüşüydü. Görüşə hökumətlər də dəstək verdilər. Təşkilatçılıq baxımdan hər iki hökumət səy göstərdi. Son 25-30 ildə ilk dəfəydi ki, Azərbaycana məxsus təyyarə Ermənistanın paytaxtına eniş etdi. Görüş zamanı bir çox məsələlər müzakirə edildi. Onsuz da biz müəyyən beynəlxalq tədbirlər çərçivəsində xarici təşkilatların təşkil etdiyi müzakirələrdə Ermənistandan olan ekspertlərlə görüşürük. Bu görüş isə ikitərəfli formatda baş verdi. Burada hər hansı üçüncü tərəf nə təşkilatçı, nə təşəbbüskar kimi iştirak edib. Eyni zamanda, görüş məkanında hər hansı üçüncü tərəf iştirak etməyib”.

Fərhad Məmmədov qeyd edib ki, ikitərəfli format qorunub saxlanılacaq:

“Vaşinqton görüşündə imzalanan bəyanatdan sonra artıq elə bir güc formalaşıb ki, hökumətlər qarşılıqlı addımlar atır. Müəyyən dərəcədə birgə fəaliyyət təmin olunub. Elə bir tarixi şərait formalaşıb ki, vətəndaş cəmiyyəti, ekspertlər və media səviyyəsində müəyyən dərəcədə müzakirələr və birgə fəaliyyətin təşkili aktualdır. Elə olan halda məhz bu dövrü qiymətləndirərək, belə bir addım atıldı. Ümid var ki, proses davamlı olacaq. Belə görüşlərin təşkili artıq normaya çevriləcək. İkitərəfli format qorunub saxlanacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Kəramət Böyükçöllə müxalifətin Mehdiyev savaşı - Nə baş verir?