İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. Oktyabrın 23-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Təzəbinə kəndinə yola salınıb.
Modern.az xəbər verir ki, bu mərhələdə Təzəbinə kəndinə 12 ailə - 55 nəfər köçürülür.
Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.