Müsavat Partiyasının sabiq başqan müavini, III Respublika Platformasının qurucu heyət üzvü Yadigar Sadıqlı ilə REAL Partiyasının keçmiş sədri İlqar Məmmədov arasında “söz atışması”.
Modern.az-ın məlumatına görə, siyasətçilərin mübahisəsinə sosial şəbəkədə yazıçı Kəramət Böyükçöllə bağlı yazılanlar səbəb olub.
Y.Sadıqlı İlqar Məmmədovun Kəramət Böyükçölü hakimiyyətə xidmət etməkdə suşlamasına aşağıdakı kimi reaksiya verib:
“REAL Partiyasına hakimiyyət parlamentdə yer verib. Hər il də yüzminlərlə pul ayırır. 2024-cü ildə bu məbləğ 274 min manat olub. İlqar Məmmədov da Kəramət Böyükçölü ittiham edir ki, hakimiyyət sənə "şəhərin gur yerində" kitab satmaq imkanı yaradıb.
P. S. partiya 12 manat da üzvlük haqqı yığıb. Hansısa saf ayda 1 manat üzvlük haqqı verib”.
İlqar Məmmədovun cavabı isə gecikməyib. O, Yadigar Sadıqlıya belə cavab verib:
“Keçmişdə mənimlə eyni vaxtda həbs olunmuş, özünü bir müddət "siyasi məhbus" kimi təqdim etmiş, amma axırda özünü bu qismdə Avropa Məhkəməsinə tanıda bilməmiş biri var. Adı Yadigar Sadıqovdur.
Onun cızma-qarasını faktiki yola verən Avropa Məhkəməsində biz tarix yazmışıq axı. Bütün qitə üzrə ali məktəblərin Hüquq fakultələrində tədris olunuruq. Uğurumuzun bu adamın canına qoyduğu od hələ də tüstüləyir.
Dünən o, partiyamızın əzablı yollardan keçərək bərkiyib, parlamentə az da olsa nəfəs gətirməsinə qədər yüksəlməsi ətrafında məzhəkə açmağa cəhd göstərmişdi.
Əzablı yolun nə olduğunu hər kəsə xatırladıram.
İndiyədək Azərbaycan siyasi məhbuslarından ancaq 16 nəfəri məhz Avropa Məhkəməsi tərəfindən siyasi məhbus kimi tanınmışdı (Maddə 18). Bunlardan 4 nəfəri REAL partiyası Siyasi Komitəsinin üzvü olub!
Cəhənnəmlərdən keçib bərkimişik, təslim olmamışıq, deyinmək əvəzinə seçkilərə qatılıb xalqdan təmsilçilik haqqını qazanmağı bacarmışıq. Düzdür, daha çoxunu qazanmışıq, amma siyasi gerçəklik uğurumuzun hələ bircə bu qədərinin dövlətdə tanınmasını mümkün edib.
Beləcə, bizim həm məhkəmə ərizələrimiz Strasburqda, həm də səslərimiz qismən Bakıda keçərli oldu. Yadigar Sadıqovun o cılız ərizəsi isə tarixin naməlum qutusuna düşdü.
Ona demək lazımdır ki, sənin iç aləmində közərən o paxıl var ha, onu yox, Avropa Məhkəməsindən 178 min manat istəyən həmin o rəzil kağızını qutudan çıxarıb yandır, yazıq canın içdən yanmaqdansa heç olmasa biraz qıraqdan istilik alsın”.