Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Yuxarı Qaramanlı kəndinin sakinləri ilə səyyar görüş keçirib.
Modern.az xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Yuxarı Qaramanlı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxışçılar “Prezident cənab İlham Əliyevin qətiyyətli iradəsi, ölkəmizin beynəlxalq nüfuzunu və siyasi çəkisini durmadan yüksəldir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, müasir dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər, dövlətimizin beynəlxalq arenada qazandığı etimad və nüfuz, eləcə də regionda formalaşdırdığı yeni reallıqlar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü, uzaqgörən və prinsipial siyasətinin nəticəsində reallaşması haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, son illərdə ölkəmiz sürətlə inkişaf edən, siyasi sabitliyi və iqtisadi potensialı ilə seçilən dövlət kimi dünya birliyində öz yerini daha da möhkəmləndirib. Bu uğurların başlıca səbəblərindən biri Prezident cənab İlham Əliyevin dövlətçilik strategiyasının xalqın milli və mənəvi dəyərlərinə, müstəqilliyin qorunmasına və gücləndirilməsinə əsaslanmasıdır.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb, ölkəmiz etibarlı tərəfdaşa, sabitlik və inkişaf rəmzi kimi tanınıb. Azərbaycan bu gün BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla fəal və səmərəli əməkdaşlıq edir, beynəlxalq tədbirlərə ev sahibliyi etməklə qlobal dialoqun və əməkdaşlığın gücləndirilməsinə töhfə verir.
RİH-in başçısı qeyd edib ki, Prezident cənab İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində ölkəmiz 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu mühüm qələbə, yalnız hərbi gücün deyil, həm də diplomatik bacarığın, milli birliyin və güclü liderliyin nəticəsidir. Müharibədən sonrakı dövrdə isə ölkə başçısının təşəbbüsü ilə işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış prosesi uğurla icra olunur.
Azərbaycanın postmünaqişə dövründə irəli sürdüyü sülh təşəbbüsləri, regional kommunikasiyaların açılması və əməkdaşlıq platformalarının yaradılması yönündə atdığı addımlar, ölkəmizin sülhsevər siyasətinin və konstruktiv yanaşmasının bariz nümunəsidir.
Prezident cənab İlham Əliyevin beynəlxalq tribunalardan səsləndirdiyi prinsipial mövqe Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Bu gün Azərbaycan Respublikasının artan siyasi çəkisi, iqtisadi qüdrəti və beynəlxalq nüfuzu Prezident cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli liderliyinin birbaşa nəticəsidir. Müstəqil dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi və gələcək nəsillərə güclü Azərbaycanın miras qoyulması naminə görülən işlər ölkəmizin sabit və davamlı inkişafını təmin edir.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, əkin və həyətyani sahələrinin suvarılmasına köməklik, DOST MMC-də müqavilə müddəti bitən əməkdaşların yenidən bərpa olunması, ərazidə heyvanlar arasında yayılan dabaq xəstəliyinə qarşı mübarizə, şəhid ailəsinin ev növbəliliyinə götürülməsi və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.