Azərbaycan və İtaliya Hərbi Dəniz Qüvvələri (HDQ) arasında əlaqələr uğurla davam etdirilir.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov İtaliya Respublikasının ölkəmizdəki hərbi attaşesi 1-ci dərəcəli kapitan Cianfranko Vizzini ilə görüşüb.
Görüşdə Azərbaycan-İtaliya HDQ-lərinin hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığına dair geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Sonda italiyalı qonaq "Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu"na əsasən, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun HDQ fakültəsini 2024-2025-ci tədris ilində fərqlənmə ilə bitirən leytenant Hümbət Qasımova İtaliya HDQ komandanı adından “Tələbələrin şərəf qılıncı” xatirə hədiyyəsini və sertifikatı təqdim edib.