Pakistanın paytaxtı İslamabad şəhərində Regional Nəqliyyat Nazirləri Konfransı keçirilir. 27 ölkənin iştirak etdiyi tədbirdə Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov təmsil edir.
Modern.az xəbər verir ki, nazir müavini Rəhman Hümmətov toplantıda çıxış edərək Azərbaycanda və regionda nəqliyyat dəhlizlərinin inkişafı barədə məlumat verib. Bildirib ki, Şərq və Qərb, Şimal və Cənub arasındakı kəsişmə nöqtəsində yerləşən Azərbaycan uzun illərdir, Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən mühüm tranzit mərkəzi kimi çıxış edir. Ölkəmiz böyük infrastruktur layihələrinə sərmayə yatırıb və multimodal nəqliyyat şəbəkəsi yaradıb. 2024-cü ildə ümumi tranzit həcmi 2019-cu illə müqayisədə 2,5 dəfə artaraq 14,5 milyon tona çatıb və bu yükün təxminən 30%-i Orta Dəhliz vasitəsilə daşınıb.
Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan Rəhman Hümmətov vurğulayıb ki, bu marşrut yalnız Şərq – Qərb istiqamətində deyil, həmçinin Şimal – Cənub və Cənub – Qərb əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır. Dəhliz üzrə ildə 15 milyon ton yükün daşınması gözlənilir ki, bu da regional ticarət potensialını böyük ölçüdə artıracaq.
Nəqliyyat Nazirlərinin Regional Konferensiyası çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bir sıra ikitərəfli görüşlər keçirib. Sözügedən görüşlərdə əməkdaşlıq perspektivləri, eləcə də ölkəmizdə və regionda nəqliyyat sahəsində həyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb.