Modern.az

Türkiyə Beynəlxalq Nəqliyyat Forumuna sədrlik edəcək - FOTO

Türkiyə Beynəlxalq Nəqliyyat Forumuna sədrlik edəcək - FOTO

Aktual

24 Oktyabr 2025, 16:50

Türkiyə 2027–2028-ci illər üzrə Beynəlxalq Nəqliyyat Forumuna (BNF) sədrliyi öz üzərinə götürüb.

Modern.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın sədrliyi çərçivəsində Bakıda keçirilmiş BNF-nin IV rüb iclasında bildirilib.

Məlumata görə, eyni zamanda paytaxtda Nəqliyyatın İdarə Olunması Şurasının görüşü də baş tutub. Nazirliyin təşkil etdiyi toplantının açılışında BNF-nin Baş katibi Yunq Ta Kim çıxış edərək iclasın yüksək səviyyədə keçirilməsinə görə Azərbaycana minnətdarlığını bildirib.

İclasda gündəlikdəki bir sıra mühüm məsələlər müzakirə edilib. Gündəlik və əvvəlki iclasların protokolları təsdiqlənib. Sonra Baş katib forumun fəaliyyəti və görülən işlər haqqında hesabat, eləcə də 2026-cı il üçün İş Proqramı və Büdcə layihəsini təqdim edib.

Tədbirdə, həmçinin BNF-nin strateji tövsiyələrinin icrasına dair monitorinq mexanizmi, Yol Nəqliyyatı Qrupu və Tədqiqat Komitəsinin fəaliyyəti, beynəlxalq nəqliyyat tədqiqatlarının sənədləşdirilməsi üzrə strateji baxış kimi məsələlər barədə məlumatlar təqdim olunub.

Azərbaycan tərəfi vurğulayıb ki, 2026-2027-ci illər üçün Tədqiqat Komitəsinin İş Proqramı ölkəmizin sədrliyi dövrünün prioritetlərini – beynəlxalq nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması və şəhər nəqliyyatının inkişafı istiqamətlərində hazırlanacaq tövsiyələri dəstəkləməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın BNF-də sədrlik dövründə prioritetləri beynəlxalq nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, Forumun üzvlüyünün genişləndirilməsi, ECMT Çoxsaylı Lisenziya Sisteminə üzv ölkələrin sayının artırılması ilə bilik mübadiləsinin təşviqi məsələlərini əhatə edir. Bu istiqamətlər çərçivəsində Azərbaycan dayanıqlı, inteqrasiya olunmuş və innovativ nəqliyyat siyasətinin formalaşmasına töhfə verməyi hədəfləyir.

Həmçinin iclasda 2026-cı il Sammitinin proqram layihəsi barədə məlumat təqdim olunub və Azərbaycan sədrliyinin nazirlər üçün tövsiyə sənədinə dair təklifləri müzakirə edilib.

Toplantının sonunda iştirakçı ölkələr əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?