Oktyabrın 17-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Romaya səfər edib. Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb. Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti son illərdə Vatikan ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndiyini vurğulayıb.
Mehriban Əliyeva Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü bildirib. Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını qeyd edib.
Mehriban Əliyeva deyib ki, Heydər Əliyev Fondu mədəni və dini dialoqu təşviq edən layihələr vasitəsilə Vatikan ilə əməkdaşlığını bundan sonra da genişləndirəcək.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin iştirakı ilə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı da baş tutub.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın uğurları, ölkənin katolik icmasını hər zaman sevindirir:
"Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri və səfər çərçivəsində Zati-Müqəddəsləri Papa XIV Leo ilə və Vatikanın bır sıra yüksək rütbəli rəhbər şəxsləri ilə görüşləri Azərbaycanın katolik icmasında böyük sevinc və fərəhlə qarşılandı. Dünyamızın bu gün sülh, barış və mərhəmət, qarşılıqlı hörmət və əməkdaşlıq nümunələrinə çox ehtiyacı var. Biz çox şadıq ki, Azərbaycan bu gün sülh quruculuğu proseslərinin ön sıralarındadır. Azərbaycan göstərir ki, dini, etnik və mədəni müxtəliflik qarşıdurma deyil, əksinə, sabitlik,əməkdaşlıq və tərəfləri zənginlərşdirən dialoq üçün geniş imkanlar yarada bilər".

Toral Ağayev Katolik Kilsəsi üçün yaradılan şərait və imkanlara görə dövlətə və cəmiyyətə çox minmətdar olduqlarını vurğulayıb:
"Heydər Əliyev Fondunun Vatikanda, Romada və dünyanın digər ölkələrində həyata keçirdiyi müxtəlif dinlərə və mədəniyyətlərə aid tarixi abidələrin bərpası layihələri bir daha göstərir ki, Azərbaycan bu gün ümumbəşəri dəyərlərin kürsüsündən çıxış edir.
Ölkəmizdə dini icmalar üçün, o cümlədən Katolik Kilsəsi üçün yaradılan şərait və imkanlara görə dövlətimizə və cəmiyyətimizə çox minmətdarıq. Biz böyük Azərbaycan ailəsinin üzvü olmaqdan çox məmnunuq".