Siyasət bəzən insanları ideyalar uğrunda elə səngərlərə salır ki, ordan qohumluq, uşaqlıq, ailə xatirələri belə çıxış yolunu tapa bilmir. Tarixdə eyni evin fərqli otaqlarında iki düşmən siyasi düşərgənin formalaşdığı hallar çox olub. ABŞ-də Kennedi və Nikson ailələrindən gələn siyasi rəqabət, Hindistanda Nehru-Gandi sülaləsinin içində yaranan fikir parçalanmaları, Britaniyada isə Corbin qardaşlarının (biri Leyborist, biri mühafizəkar cəbhədə yer alması) ailə ilə siyasətin heç də həmişə eyni masada otura bilmədiyini sübut edib.
Modern.az xəbər verir ki, bu hadisələrin bənzəri Azərbaycanın siyasət səhnəsində də yaşanır. Bəzən eyni valideynin övladları fərqli ideologiyalara, zidd mövqelərə sahib olur, biri hökumətə yaxın, digəri müxalif cəbhədə yer alır. Sərdar Cəlaloğlu və qardaşı Qurban Məmmədov, Zərdüşt Əlizadə və qardaşı Araz Əlizadə, eləcə də son günlərin ən çox danışılan mövzusu Milli Məclisin deputatı Günay Ağamalı və qardaşı Elçin Ağamalı bu ziddiyyətin yerli nümunələridir.
Uzun illər Milli Məclisdə təmsil olunan, Ana Vətən Partiyasının sədri kimi tanınan Fəzail Ağamalı Azərbaycan siyasətinin köhnə məktəbinə aid fiqurlardandır. O, uzun illərdir partiyasını idarə edib. Lakin bir müddətdir partiya sədrliyi uğrunda mübarizədə Ağamalı ailəsi daxili toqquşma ilə gündəmə gəlib.
Partiyanın növbədənkənar qurultayında Fəzail Ağamalı sədrliyə qızı, Milli Məclis deputatı Günay Ağamalının namizədliyini irəli sürsə də bu qərar birmənalı qarşılanmayıb.
Fəzail bəyin oğlu Elçin Ağamalı qurultayda öz namizədliyini elan edib və öz iddiasına görə, zaldakı nümayəndələrin bir hissəsinin dəstəyini qazanaraq sədr seçilib. Qurultay gərginlik içində keçib. Zaldakı səs-küy, işığın sönməsi, tərəfdarların bir-birinə qarşı çıxması “ailədaxili siyasi çevriliş” mənzərəsi yaradıb.
Lakin hadisələr bununla yekunlaşmayıb. Fəzail Ağamalı və onun tərəfdarları Elçin Ağamalının “sədr seçildim” açıqlamasını qeyri-qanuni və əsassız adlandırıblar.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı açıqlamasında bildirib ki, qurultayda qarşı tərəf tərəfindən əvvəlcədən hazırlanmış təxribat və qalmaqal yaradılıb:
“Partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə saldı. Qarşı tərəf sosial media üzərindən özünü partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır. Bütün bunlar əsassızdır.”
Günay Ağamalının sözlərinə görə, qurultayın aparılması üçün sədr seçilmiş Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan etdikdən sonra zalı tərk ediblər və iclas rəsmi qaydada başa çatmayıb.
O, əlavə edib ki, Fəzail Ağamalı çıxışında sədrliyindən istefa vermək niyyətini ifadə etsə də, bu qərar rəsmi şəkildə təsdiqlənməyib, yəni onun istefası hüquqi qüvvə qazanmayıb.