Modern.az

Füzulidə “Türk Törəsi” - beynəlxalq yay məktəbi - FOTO

Füzulidə “Türk Törəsi” - beynəlxalq yay məktəbi - FOTO

Aktual

28 Oktyabr 2025, 10:00

Oktyabrın 25-də Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant dəstəyi ilə reallaşan “Türk Törəsi” - Füzulidə beynəlxalq yay məktəbi layihəsinin açılış mərasimi və ilk təlim günü baş tutub.

Modern.az xəbər verir ki, türk dünyası ölkələrinin təhsil və mədəniyyət sahəsində əməkdaşlığını təşviq edən layihə işğaldan azad olunan ərazilərdə məktəblilərin sosial-emosional, rəqəmsal və yaradıcı inkişafını dəstəkləmək, həmçinin Türk dövlətlərinin ortaq mədəni və təhsil dəyərlərini təbliğ etmək məqsədi daşıyır.

Açılış mərasimində məktəblilərə layihənin məqsədi, məzmunu və qarşıdakı fəaliyyətlər barədə məlumat verilib. Tədbirdə Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri musiqili proqram ilə çıxış ediblər.

Daha sonra Türkiyə Respublikasının Milli Eğitim Bakanlığı Adana Çukurova Bilim və Sanat Mərkəzinin əməkdaşı Çiğdem Şahin “İstedadlı şagirdlərlə işin təşkili və sosial-emosional bacarıqlar” mövzusunda interaktiv şəxsi inkişaf təlimi keçirib. Təlim zamanı məktəblilər praktik fəaliyyətlər, qrup müzakirələri və yaradıcı düşünmə məşğələlərində iştirak ediblər.

Beynəlxalq məktəbin təlim proqramında həmçinin “FZ Academy” Tədris Mərkəzinin qurucusu və rəhbəri Fəzail Zəkəriyyə, eləcə də Celta və Oxford TEFL sertifikatlı peşəkar mentor Novruz İsmayılpur da çıxışçı və təlimçi qismində iştirak edirlər.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant dəstəyi ilə "Türk Dünyası Mədəniyyəti" İctimai Birliyi tərəfindən reallaşan “Türk Törəsi” layihəsi Füzuli məktəblilərinin yaradıcı potensialının və sosial-emosional bacarıqlarının inkişafına, onların təlim prosesində fəallığının artırılmasına, eyni zamanda Türk xalqlarının ortaq tarix, mədəniyyət və dəyərlərinin təbliğinə xidmət edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev rus ordusunu Bakıda qarşılayacaqdı