TələbəPlus kartından metro və avtobuslarda istifadə olunduğuna dair görüntülər yayılıb. İddia olunur ki, bu kartlarla ictimai nəqliyyatdan 1 gediş pulsuz istifadə etmək olar.
Modern.az xəbərin həqiqəti əks etdirib-etdirmədiyinə dair məlumat əldə etmək üçün Təhsilin İnkişaf Fonduna sorğu ünvanlayıb.
Fondun mətbuat katibi Könül Abdulrəşidova bildirib ki, TələbəPlus kartı bank kartı statusuna malikdir və hazırda metro və avtobuslarda onun istifadəsi texniki cəhətdən mümkün deyil.
Qeyd edilib ki, bunun üçün yeni ödəniş aparatlarının quraşdırılması və kartların mövcud sistemlərə inteqrasiyası tələb olunur.
Fonddan verilən məlumata görə, TələbəPlus kartlarının ictimai nəqliyyatda istifadəsi və endirimlərin tətbiq olunması məsələsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu məqsədlə aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılır, o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə görüşlər davam etdirilir.
"Kartların ictimai nəqliyyat sisteminə inteqrasiyası həm texniki, həm də inzibati baxımdan çoxmərhələli və kompleks prosesdir. Bu istiqamətdə mərhələli yanaşma tətbiq olunur və Fond tərəfindən bütün zəruri addımlar ardıcıl şəkildə atılır. Fond olaraq ictimaiyyəti bu prosesin gedişi barədə mütəmadi olaraq məlumatlandıracağıq",-rəsmi açıqlamada bildirilib.