AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC telekommunikasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətə görə 2 nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
Modern.az xəbər verir ki, şirkət Parisdə keçirilmiş Beynəlxalq Konqres çərçivəsində Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyası (WBBA) tərəfindən “Broadband for Digital Inclusion Excellence” mükafatı ilə təltif edilib. Bu mükafat internet xidmətlərinə bərabər çıxış imkanlarının yaradılması, genişzolaqlı bağlantının regionlara yayılması və rəqəmsal bərabərliyin təmin olunması istiqamətində “Aztelekom”un həyata keçirdiyi layihələrin yüksək qiymətləndirilməsidir. GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının genişmiqyaslı tətbiqi, internet sürətinin yüksəldilməsi və xidmət keyfiyyətinin artırılması bu uğurun əsasını təşkil edir.
Eyni zamanda şirkət “HUAWEI Product Line” tərəfindən təqdim olunan “Best Practice of Net 5.5G Converged IP Network” mükafatına layiq görülüb. “IPv6 Forum” tərəfindən təsdiqlənmiş bu mükafat “Aztelekom”un 400GE interkonnekt texnologiyasının tətbiqi, şəbəkə avtomatlaşdırılması və əməliyyat səmərəliliyinin artırılması sahəsində qabaqcıl rolunu təsdiqləyir.
“Aztelekom”un bu uğurları ölkənin rəqəmsal transformasiyasına verdiyi töhfənin, qabaqcıl texnologiyaların tətbiqindəki lider mövqeyinin və beynəlxalq səviyyədə artan nüfuzunun bariz göstəricisidir. Şirkət bundan sonra da Azərbaycanın rəqəmsal gələcəyinin qurulması və genişzolaqlı internet xidmətlərinin daha əlçatan olması istiqamətində fəaliyyətini davam etdirəcək.