Modern.az

Nizami Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib - FOTOLAR

Nizami Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib - FOTOLAR

Aktual

28 Oktyabr 2025, 18:05

Oktyabr ayının 28-də Nizami Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Modern.az xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, sədr müavini Vahid Hətəmov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov öz çıxışında Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayaraq ağsaqqların ölkəmizdə hər zaman böyük nüfuz və hörmət sahibi olmalarından bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini daim dəstəkləyən ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qorunmasına, gənclərimizin maarifləndirilməsinə və vətənpərvərlik ruhunda yetişməsinə böyük töhfələr verirlər. Cəmiyyətimizin bütün sahələrində, həmçinin Nizami rayonunun ictimi-siyasi və mədəni həyatında ağsaqqallar öz fəallıqları ilə seçilirlər. Sonra natiq konfransın işinə uğurlar arzulayıb. 

Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev hesabat məruzəsində ötən dövr ərzində həyata keçirilən işlər və qarşıda duran vəzifələr barəsində məlumat verib. Qeyd edib ki, Rayon Ağsaqqallar Şurasının üzvləri mütəmadi olaraq şəhidlərin anım günlərində iştirak edir, onların ailələri və qazilərlə, habelə məktəblərdə, liseylərdə gənclərlə maarifləndirici görüşlər keçirirlər. Natiq, həmçinin, rayondakı  tibbi müəssələrdə çalışan,  sakinlərə, o cümlədən ağsaqqallara yüksək qayğı ilə xidmət göstərən həkimlər və tibbi heyətlə də görüşlərin təşkil olunduğunu qeyd edib. Rayonda keçirilən bir çox tədbirlərdə hər zaman yaxından iştirak və çıxışlar etdiklərini bildirən natiq Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatı ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiklərini də vurğulayıb. Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev bundan sonra da Azərbaycanın inkişafı naminə öz fəaliyyətlərini geniş şəkildə davam etdirəcəklərini bildirib.

Daha sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov,  Rayon Ağsaqqallar Şurasının üzvləri Xalid Bağırov, Oqtay Əhmədov və başqaları  təşkilatın səmərəli fəaliyyətindən söz açıblar. Bildiriblər ki, rayon ağsaqqalları hər zaman cəmiyyətimizin, xüsusilə gənclərin maariflənməsinə böyük töhfələr verir,  milli-mənəvi dəyərlərimizin, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğində yaxından iştirak edirlər. Natiqlər Nizami Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş hesab edərək əmin olduqlarını bildiriblər ki, gələcəkdə də ağsaqqallar cəmiyyətimizin və ölkəmizin tərəqqisi üçün öz bilik və təcrübələrini əsirgəməyəcəklər.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov konfransda çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Nizami rayonunda növbəti dəfə ağsaqqallarla görüşdən məmnun olduğunu bildirib. Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş qiymətləndirən natiq xüsusilə Şuranın İcra Hakimiyyəti və YAP-ın yerli təşkilatı ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməsini yüksək dəyərləndirib. Sonra Əhliman Əmiraslanov öz nitqində Azərbaycan xalqının Ümummilli Lideri, müasir tariximizin qurucusu Heydər Əliyevin Vətənimiz qarşısında böyük xidmətlərindən ətraflı bəhs edərək, Ulu Öndərin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin  uğurlu prezidentlik fəaliyyətindən, onun rəhbərliyi ilə ölkəmizin qazandığı misilsiz nailiyyətlərdən söz açıb. Vurğulayıb ki, möhtəşəm Zəfərdən sonra hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda geniş bərpa-quruculuq işləri həyata keçirilir və “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdırlar. Əhliman Əmiraslanov öz nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, ölkəmizdəki davamlı inkişaf prosesindən ətraflı bəhs edib. Dövlətimizin başçısına ABŞ Prezidenti Donald Tramp və digər nüfuzlu şəxsiyyətlər tərəfindən göstərilən yüksək diqqət və hörməti bir daha tədbir iştirakçılarına xatırladıb. Bildirib ki, biz ağsaqqallar hər zaman olduğu kimi bu gün də dünya şöhrətli Prezidentimizin ətrafında sıx birləşməli, öz fəaliyyətimizlə ona dəstək olmalıyıq. Daha sonra natiq cəmiyyətimizdəki bəzi problemlərə də toxunaraq, boşanma hallarının artmasından, hələ də müşahidə olunan erkən nikahlardan, o cümlədən bioloji qohumluğu olan şəxslər arasındakı evliliklərin fəsadlarından bəhs edib. Böyük təəssüf hissi ilə gənclər arasındakı narkomaniya aludəçiliyindən söz açıb. Vurğulayıb ki, bu problemlərə qarşı hər birimiz, xüsusilə ağsaqqallar öz maarifləndirici fəaliyyətləri ilə ciddi mübarizə aparmalı, əllərindən gələni əsirgəməməlidirlər. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Nizami Rayon Ağsaqqallar Şurasının bundan sonra da öz işlərini aktiv şəkildə davam etdirəcəyinə əminliyini ifadə edib və hər kəsə möhkəm cansağlığı, uğurlar arzulayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı