Modern.az

İşsizlərin sığorta ödənişi ilə bağlı yanlış təəssüratlar yaranır - DEPUTAT

İşsizlərin sığorta ödənişi ilə bağlı yanlış təəssüratlar yaranır - DEPUTAT

Aktual

29 Oktyabr 2025, 10:38

2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılacaq vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulur. Belə ki, gələn il büdcədən Fonda 900 milyon manatın ayrılması planlaşdırılır. Bu məbləğ 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36,5 faiz azdır.

Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, İcbari Tibbi Sığorta Fondunun ümumi büdcəsinə nəzər saldıqda, fondun gəlirlərinin bir neçə əsas mənbədən formalaşdığı görünür.

"Birinci mənbə dövlət büdcəsi hesabına ayrılan vəsaitlərdir. Bu vəsaitlər vətəndaşların sığorta ödənişlərinin maliyyələşdirilməsinə yönəldilir.

İkinci mənbə isə əmək fəaliyyəti ilə məşğul olan şəxslərin və onları işlə təmin edən müəssisələrin müəyyən faiz nisbətində ayırdıqları sığorta haqlarıdır.

Üçüncü istiqamətə gəlincə, bunu müxtəlif inzibati və digər pozuntular nəticəsində, qanunvericiliyə əsasən tətbiq edilən cərimələr və digər ayırmalar təşkil edir".

Deputatın sözlərinə görə, bundan başqa, spirtli içkilər və yanacaq materiallarından tutulan aksiz vergilərinin müəyyən hissəsi də İcbari Tibbi Sığorta Fonduna yönləndirilir. Beləliklə, adları qeyd edilələn mənbələrin hər biri fondun büdcəsini formalaşdıran əsas istiqamətləri təşkil edir:

“Dövlət tərəfindən 18 yaşadək uşaqlar, 23 yaşadək təhsilalan tələbələr, pensiyaçılar və sağlamlıq imkanları məhdud şəxslər tam şəkildə sığortalanır və onların sığorta haqları dövlət büdcəsi hesabına ödənilir”.

M.Məmmədli işsizlərin, yaxud əmək fəaliyyəti göstərib, lakin əmək müqaviləsi olmayan şəxslərin sığorta ödənişlərinə ayırmalar məsələsinə də aydınlıq gətirib:

“Əmək fəaliyyəti ilə məşğul olmayan, yaxud əmək fəaliyyəti göstərib, lakin əmək müqaviləsi olmayan şəxslərin sığorta ödənişlərinə gəldikdə isə burada dövlətin məqsədi qeyri-formal məşğulluğun qarşısını almaqdır. Bu yolla əmək müqavilələrinin “ağardılması”, işçi qüvvəsinin sərbəst şəkildə bölgələr üzrə səfərbər olunması və vakansiyası olan iş yerlərinin yerli işçi qüvvəsi ilə təmin edilməsi hədəflənir”.

O, eyni zamanda, bu məsələnin bəzən yanlış anlaşıldığının və guya işsiz şəxslərin məcburi qaydada sığorta ödənişi etməyə vadar edilməsi kimi təqdim olunması məsələsinə də diqqət çəkib:

“Halbuki məqsəd burada məcburiyyət deyil, əmək bazarında şəffaflığın və səmərəliliyin artırılmasıdır.

Fondun büdcəsində dövlət tərəfindən ayrılan vəsaitin azalması məsələsinə gəlincə isə, bunu da doğru şəkildə izah etmək vacibdir. Nümunə olaraq, əvvəlki illərdən İcbari Tibbi Sığorta Fondunun hesabında istifadə olunmamış kifayət qədər vəsait qalmışdı. Həmin vəsaitlər səfərbər edilərək növbəti illərin maliyyələşməsində istifadə olunur”,- deyə o qeyd edib.

Deputat vurğulayıb ki, bundan əlavə, idarəetmədə şəffaflığın və çevikliyin artırılması nəticəsində vəsaitlərin daha məqsədyönlü və ünvanlı xərclənməsi də təmin edilir:

“Nəticə etibarilə, dövlət büdcəsindən fonda ayrılan vəsaitin həcminin azaldılması, əslində, qənaət və optimallaşdırma hesabına mümkün olur.

Başqa sözlə desək, büdcədə görünən bu “azalma” real maliyyə çatışmazlığı deyil, əksinə, əvvəlki illərdən qalmış sərbəst vəsaitlərin, səmərəli idarəetmənin və iqtisadi şəffaflığın nəticəsidir. Bu vəsaitlər həm tibbi xidmətlərin maliyyələşdirilməsinə, həm də yeni xidmətlərin xidmət zərfinə daxil edilməsinə yönəldilir”.

M.Məmmədlin onu da əlavə edib ki, İcbari Tibbi Sığorta Fondunun maliyyə siyasətində əsas məqsəd vəsaitlərin səmərəli idarə olunması, tibbi xidmətlərin keyfiyyətinin artırılması və əhalinin daha geniş təbəqəsinin sığorta təminatına çıxışının təmin edilməsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq