Bakı Mühəndislik Universitetində (BMU) təşkil olunan “Mühəndislik tətbiqlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə təsiri” mövzusunda beynəlxalq elmi-praktik seminarın sessiyalarında doktorantlar öz tədqiqatlarını təqdim ediblər.
Modern.az xəbər verir ki, seminarda Pekin Kimya Texnologiya Universitetindən (PKTU) 32 doktorant, həmçinin professor-müəllim heyəti iştirak edir. Tədbir BMU ilə PKTU arasında bu ilin aprel ayında imzalanan əməkdaşlıq müqaviləsinə uyğun həyata keçirilir.
BMU alimləri ilə yanaşı, digər universitetlərdən dəvət edilən tədqiqatçıların qatıldığı sessiyalarda multidisiplinar tədqiqat mövzuları təqdim olunub. İştirakçılar innovativ mühəndislik və biotibb həllərinin qlobal problemləri, o cümlədən təmiz enerji, davamlı istehsal və sağlamlıq sahələrinin inkişafına necə dəstək verilə biləcəyini müzakirə ediblər. Tədqiqatların BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsi xüsusi vurğulanıb.
Fikir mübadiləsi zamanı BMU alimləri doktorantlara gələcək elmi fəaliyyətləri ilə bağlı tövsiyələr veriblər. Doktorantların bir sıra elmi tədqiqatlarının BMU-da davam etdirilməsi məsələləri də nəzərdən keçirilib.
Aparılan müzakirələr, həmçinin gələcək beynəlxalq əməkdaşlıq və birgə elmi layihələr üçün zəmin yaradıb. Doktorantlar və BMU alimləri arasında elmi mübadilənin artırılması, tədqiqat nəticələrinin praktik tətbiq imkanlarının genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb.
Qeyd edək ki, bu ildən BMU ilə PKTU Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində ilk ikili diplom proqramının icrasına başlayıb. 2+2 modelinə əsaslanan proqram kimya, kompüter və mexanika mühəndisliyi ixtisaslarını əhatə edir.