Modern.az

Zəngilanın Məmmədbəyli kəndində 188 evi tikilib

Zəngilanın Məmmədbəyli kəndində 188 evi tikilib

Aktual

30 Oktyabr 2025, 10:20

Zəngilan rayonunun Məmmədbəyli kəndi Qarabağın təbiətinə yaraşan bir gözəlliklə yenidən həyata qovuşub. Bu torpaq artıq yalnız xatirələrdə deyil, reallıqda da dirçəlir, insan nəfəsi, uşaq səsi, ev ocağının istiliyi ilə canlanır.

Modern.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayevanın verdiyi məlumata görə, kəndin ümumi sahəsi 51,6 hektardır. Bu ərazidə 2 çoxfunksiyalı qeyri-yaşayış binası və 188 fərdi yaşayış evi tikilib. Evlərdən 39-u iki, 55-i üç, 55-i dörd, 39-u isə beş otaqlıdır. Hər bir evin həyətyanı sahəsi 0,12 hektardır və bütün evlər müasir standartlara uyğun şəkildə hasarlanıb.

Yeni Məmmədbəyli kəndinin memarlıq üslubu sadəcə yaşayış məkanı deyil, bir zövq, bir həyat fəlsəfəsidir. Evlərin damında parlayan günəş panelləri həm ekoloji təmizlik, həm də müasir texnologiyanın təntənəsidir. Kənd tam şəkildə su, işıq, qaz, yüksək sürətli internet və yollarla təmin edilib. İnzibati binalar, keçidlər və istinad divarları üzərində işlənmiş zərif rəsmlər və dekorativ elementlər kəndin simasını bəzəyir, onun ruhuna estetik dəyər qatır. Bu bədii toxunuşlar kəndin təbiəti ilə insan əməyinin harmoniyasını birləşdirir.

Məmmədbəyli kəndi Ağalı kəndinə yaxın olduğuna görə iki kəndi birləşdirən yeni keçid inşa olunub. Bu keçid həm kəndlər arasında rahat gediş-gəlişi təmin edir, həm də Ağalıdakı 360 şagird yerlik məktəbə, 60 yerlik uşaq bağçasına, Ailə Sağlamlıq Mərkəzinə, bazar kompleksinə və digər xidmət obyektlərinə asan çıxış yaradır.

Nəhayət, bu kəndin yenidən doğuluşunun ən təsirli anı o idi ki, dövlətimizin başçısı oktaybrın 28-də Zəngilanın Məmmədbəyli kəndinə gələrək burada yaradılan şəraitlə tanış oldu, sakinlərlə görüşdü, onlara doğma yurdun, yenidən qurulan evlərinin açarlarını təqdim etdi.

Məmmədbəyli artıq xəritədə sadəcə bir ad deyil, qayıdışın, dirçəlişin, həyatın və ümidi gerçəyə çevirən böyük bir zəfərin simvoludur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq