Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” və ADA Universitetinin birgə təşkilatçılığı ilə tələbələr üçün süni intellektlə bağlı təlim təşkil edilib.
Modern.az xəbər verir ki, “Süni intellekti kəşf edək” adlı təlimə ümumilikdə ADA Universitetinin müxtəlif fakültələrində təhsil alan 30-dan çox tələbə qatılıb.
Üç gün davam edən təlim sessiyası süni intellektin əsas prinsipləri, onun etik aspektləri və real biznes mühitində tətbiq imkanları kimi mövzuları əhatə edib. “Azerconnect Group”un süni intellekt sahəsində ixtisaslaşmış komandası tərəfindən aparılan təlimlərin məqsədi tələbələrdə süni intellekt sahəsinə marağı artırmaq, onların bu istiqamətdə bilik və bacarıqlarını genişləndirmək, həmçinin texnologiyanın real biznes problemlərinin həllində praktik tətbiqini nümayiş etdirmək olub.
Sessiyalar zamanı süni intellektin bizneslərin inkişafı, proseslərin optimallaşdırılması və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsində rolu kimi mövzulara xüsusi diqqət yetirilib. İnteraktiv formada təşkil olunan təlimlər sual-cavab sessiyası ilə davam edib. Sonda təlim iştirakçılarına sertifikatlar verilib, fərqlənən tələbələrə mükafatlar təqdim edilib.
Qeyd edək ki, gənclərin peşəkar inkişafının dəstəklənməsi “Azerconnect Group”un dayanaqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə ölkədə həyata keçirilən müxtəlif layihə və təşəbbüslərdə aktiv şəkildə iştirak edir.
"Azerconnect Group" haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group" mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.
"Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.