Modern.az

BMU-da beynəlxalq elmmetrik bazalar üzrə təlimlər keçirildi - FOTO

BMU-da beynəlxalq elmmetrik bazalar üzrə təlimlər keçirildi - FOTO

Aktual

30 Oktyabr 2025, 15:16

Bakı Mühəndislik Universitetində (BMU) elmi fəaliyyətin keyfiyyətinə dəstək məqsədilə müəllim heyəti üçün “Elmmetrik bazalarda elmi məqalələrin hazırlanma metodları” mövzusunda təlimlər təşkil olunub.   

Modern.az xəbər verir ki, tədbirin açılışında çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov ali təhsil sistemində müəllimlərin elmi fəaliyyətlə məşğul olmasının daim aktuallıq daşıdığını vurğulayıb. Bildirib ki, universitetlərdə elmi yaradıcılığın stimullaşdırılması və bu istiqamətdə davamlı inkişafın təmin edilməsi əsas prioritetlərdən biridir. Prorektor qeyd edib ki, son illərdə BMU-da elmi fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Nəticə etibarilə universitet əməkdaşlarının nüfuzlu beynəlxalq elmmetrik bazalarda dərc olunan məqalələrinin sayı nəzərəçarpacaq dərəcədə artır. Ağası Məlikov təlimlərin əhəmiyyətinə diqqət çəkərək bunun gənc tədqiqatçıların beynəlxalq standartlara uyğun araşdırmalar aparmasına, elmi nəticələrini effektiv şəkildə təqdim etməsinə və ümumilikdə BMU-nun mövqeyinin möhkəmlənməsinə töhfə verdiyini söyləyib.

Təlimlər BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru İslam İslamov tərəfindən aparılıb. Professor iştirakçılara  elmmetrik bazalar, elmi məqalələrin yazılma metodikası, düzgün strukturlaşdırılması və nəşrə təqdim olunması mərhələləri barədə ətraflı məlumat verib. Həmçinin elmi nəşrlərin növləri, keyfiyyət göstəriciləri və   jurnalların seçilmə meyarlarından danışaraq Scopus bazasında uyğun jurnalların axtarışı üzrə praktik məsləhətlər təqdim edib.  O da vurğulanıb ki, beynəlxalq elmmetrik bazalarda məqalələrin dərc olunması tədqiqatçının fərdi elmi nüfuzunu artırmaqla yanaşı, universitetin beynəlxalq reytinq göstəricilərinə də müsbət təsir göstərir.

İnteraktiv formada davam edən təlimlərdə iştirakçıların suallarına aydınlıq gətirilib. 

Təlimlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 4 (Keyfiyyətli təhsil), 9 (Sənaye, innovasiya və infrastruktur) və 17-ci (Məqsədlər üçün tərəfdaşlıq) istiqamətlərinə uyğun olaraq gerçəkləşdirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq