Birinci Qarabağ müharibəsinin itkin şəhidi Aydın Nəriman oğlu Nuruyev oktyabrın 30-da Göyçay rayonunda dəfn olunub.
Modern.az xəbər verir ki, əvvəlcə rayonun Mırtı kəndində itkin şəhidlə vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə cənazə namazı qılınıb.
Vida mərasimindən sonra itkin şəhid Göyçay şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, Aydın Nuruyev 1973-cü ildə Göyçayın Mırtı kəndində anadan olub. O, 1992-ci ildə Xocalı ərazisində gedən döyüşlərdə itkin düşüb.
Aydın Nuruyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan dörd şəhiddən biridir.