28.10.2025 tarixində dirijor Rauf Canbaxış oğlu Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə Bakı Sağlamlıq Mərkəzinə daxil olub.
Mərkəzdən Modern.az-a verilən məlumata görə, müvafiq klinik, laborator, instrumental müayinələr olunduqdan sonra travmatoloq, fizioterapevt konsultasiyaları olundu və müvafiq müalicə təyin edilib.
"Mərkəzimizin baş həkim müavini, uzman terapevt Dr. Zakir Quliyev və komandamız tərəfindən stasionar şəraitdə müalicəsi aparılan Rauf Abdullayevin hal-hazırda vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.
Rəhbər təyin olunduğu ilk gündən yaradıcılığı ilə Azərbaycan mədəniyyətinə böyük töhfələr verən sənətkarlarımıza daim qayğı ilə yanaşan Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənovun rəhbərliyi ilə 88 yaşına qədəm qoyan Rauf bəyin doğum gününü qeyd etdik. Bu münasibətilə tort kəsilib və Bakı Sağlamlıq Mərkəzi adından gül dəstəsi təqdim olunaraq, xatirə şəkli çəkdirilib.
Rauf bəy sağlamlığının bərpası, onların müalicə prosesində göstərdiyi xüsusi diqqət və qayğı üçün Asiman Həsənov başda olmaqla bütün Bakı Sağlamlıq Mərkəzi kollektivinə öz minnətdarlığını bildirdirib.
Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru , professor , Azərbaycan SSR Xalq Artisti , Azərbaycan SSR Dövlət Mükafatı, «İstiqlal» ordenli və beynəlxalq «Qızıl çinar» laureatı Rauf Abdullayev 20 ildən artıqdır ki, o, teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşasına dirijorluq edib. O, bir çox ölkələrdə məşhur kollektivlərlə çıxış edib. Onun repertuarına bir çox Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir", - açıqlamada bildirilib.


