Modern.az

ŞƏHİD BAŞQASININ İMİŞ - DNT 33 il sonra danışdı 

ŞƏHİD BAŞQASININ İMİŞ - DNT 33 il sonra danışdı 

Aktual

30 Oktyabr 2025, 18:42

Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilərək bir neçə gün əvvəl dəfn olunan şəhidlərimizdən biri də Lətif Şahhüseynovdur.

 

Modern.az xəbər verir ki, bu şəhidimizi 33 il əvvəl Zaqatalanın Dağlı kəndində başqa adla - Məhərrəmov Qəhrəman Ramazan oğlu kimi dəfn ediblər.

 

Məhərrəmovlar ailəsi bütün bu illər ərzində həmin məzarı öz şəhidləri kimi ziyarət edib, hər əziz gündə dua ediblər. Amma daxilən şübhələri də olub. Nəhayət, illər sonra aidiyyəti qurumlara müraciət olunub və DNT analizi nəticəsində dəfn edilən şəxsin itkin şəhid Lətif Şahhüseynov olduğu təsdiqlənib.

 

“Bütün bu həqiqət oğlum Şahinin israrlı xahişləri sayəsində üzə çıxdı. Biz Qəhrəmanla 1991-ci ilin sentyabrında ailə qurduq. Toydan bir neçə ay sonra o, vətəni qorumağa getdi. Kənddən 9 nəfər döyüşə yola düşmüşdü, hamısı qayıtdı, Qəhrəmandan başqa. Oğlum Şahin o şəhid olandan sonra dünyaya gəldi. İndi iki nəvəm var, onlardan biri itkin babasının adını daşıyır”, - deyə şəhid Qəhrəman Məhərrəmovun həyat yoldaşı Xanım Məhərrəmova bildirib.

 

Onun sözlərinə görə, xəbər gəlməyəndə Qəhrəmanın atası Ramazan kişi aylarla Füzuli istiqamətində oğlunu axtarıb, hər qapını döyüb. Lakin heç bir məlumat tapılmayıb: “Qayınatam deyirdi ki, ana dərddən ölər deyə qorxub meyitlərdən birinə sahib çıxıb, bənzəyənini gətirib dəfn ediblər. Elə tabutda saxlanıldığı üçün üzünü də görmədik”.

 

O, illər boyu məzarın həqiqətən kimə məxsus olmasına dair qayınatasının şübhələrini də unutmayıb: “Hər dəfə qəbir üstünə gələndə pıçıldayırdım: “Bu, sənsənmi, yoxsa başqası?”

 

Şəhidin oğlu Şahin də qəbir üstündə duyğularını gizlədə bilmir: “Atamın dəfnindən bir həftə sonra dünyaya gəlmişəm. Atasızlıq çətindir. Amma şəhid övladı olmaq qürurdur”.

 

Şahin illər sonra ailə üzvlərindən, xüsusən Rusiyada yaşayan əmilərindən DNT testinə razılıq almağa nail olur. Nəticələrdən sonra məlum olur ki, Məhərrəmovlar ailəsinin 33 il ziyarət etdiyi məzar başqa bir şəhid - Lətif Şahhüseynova məxsusdur:

 

“Bunu biləndə sanki ikinci dəfə atasız qaldım. Amma ən azı şübhələr bitdi. Başqa bir ailənin sevincinə də şərik olduq. Demək ki, biz də öz gerçəyimizə bir addım yaxınlaşdıq”.

 

Ailə nə qədər ağır olsa da, qərarın onlara yüngüllük gətirdiyini deyib və Şahhüseynovlar ailəsini təbrik edib.

 

Məhərrəmovlar ailəsi inanır ki, itkin düşmüş bütün igidlərimizin taleyi aydınlaşacaq: “Ali Baş Komandan İlham Əliyev düşmənə qalib gəldiyi kimi, inşallah, itkin şəhidlərimizin də hamısının nəşi tapılacaq və ailələrinə qovuşacaq”. (Mənbə: Azərtac)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq