İstanbul Sənaye Palatası (İSO) və bərabərindəki nümayəndə heyəti Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanı ziyarət edib.
Modern.az xəbər verir ki, görüşdə MÜSİAD Azərbaycan və İstanbul Sənaye Palatasının İdarə Heyətinin rəhbərliyi və üzvləri, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin rəsmiləri və sənaye şirkətləri təmsilçiləri iştirak ediblər.
MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli çıxışında dərnəyin fəaliyyətindən bəhs edib. O, 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsindən sonra “bir millət, iki dövlət” – Azərbaycan və Türkiyə arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Sədr,bu inkişafın təhsil sahəsində də özünü göstərdiyini, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlamasının bunun bariz nümunəsi olduğunu vurğulayıb.
İstanbul Sənaye Palatasının İdarə Heyətinin sədri Erdal Bahçıvan çıxışında Türkiyə sənayesinin bir çox sahələrdə inkişaf etdiyini və bu potensialın Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar yaratdığını qeyd edib. O, xüsusilə tekstil və hazır geyim sənayesi istehsalçıları üçün Azərbaycanın böyük bazar potensialı və investisiya imkanları təqdim etdiyini vurğulayıb. E. Bahçıvan, həmçinin Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ərəfəsində gələcəkdə iki ölkə arasında sənaye, ticarət və iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə böyük ümid ifadə edib.
Azərbaycan bazarının bütün əməkdaşlıq istiqamətləri üçün açıq olduğunu bildirən Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, ölkəmizin Türkiyə şirkətləri ilə iqtisadi və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrin və investisiya təşəbbüslərinin dəstəklənməsinə xüsusi önəm verdiyini vurğulayıb. O, Azərbaycanda sənaye sahəsində gənc nəslin iştirakının artırılmasına dövlət dəstəyinin əhəmiyyətinə diqqət çəkib. Ticarət nümayəndəsi, həmçinin işğaldan azad edilmiş bölgələrdə geniş investisiya imkanlarının mövcud olduğunu qeyd edib.
Görüş qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq imkanlarının müzakirəsi ilə yekunlaşıb. (Mənbə: trend)