 
                                Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində tarixi qələbəmizin 5 illiyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Samux rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər Günü”nə həsr olunmuş növbəti ağacəkmə aksiyası təşkil olunub.
Modern.az xəbər verir ki, aksiya Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Samux-Kür magistral yolunun hər iki tərəfində keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, RİH-nin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində 1500-ə yaxın müxtəlif növ ağac və dekorativ gül kolları əkilib, ərazidə abadlıq və təmizlik işləri görülüb. Bu kimi təşəbbüslər ölkəmizdə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi, ekoloji tarazlığın qorunması və gələcək nəsillərə daha yaşıl, sağlam mühitin ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.



