 
                                Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya və Belarusun “ittifaq dövləti”nə qoşulmaq ideyasını istehza ilə qarşılayıb.
Modern.az xəbər verir ki, Simonyan jurnalistlərə açıqlamasında bildirib ki, ölkədə hakimiyyətin real siyasi rəqibləri yoxdur.
“Elə insanlar var ki, yalnız təhqir yağdırırlar, amma heç nə təklif etmirlər. Onlar son vaxtlar sülh və ya ölkənin gələcəyi ilə bağlı nə təklif ediblər? Rusiya-Belarus ittifaq dövlətinə üzv olmaqdan başqa? (Gümrü meri Vardan Qukasyana eyham vurur - red.). Onların hansı siyasəti var?”, - Simonyan bildirib.
Spiker, həmçinin vurğulayıb ki, qanun qarşısında məsuliyyət daşıyan şəxslər cəzasız qalmamalıdır:
“Həbsdə olanlara gəlincə, biz əslində gecikmişik. Xalq “dəmir mandat” tələb edəndə, bu o demək idi ki, cinayət törədən, amma sonra namizədliyini irəli sürən şəxslər cəzasız qalmamalıdır”.
Xatırladaq ki, oktyabrın 20-də hüquq-mühafizə orqanları Gümrü meriyasında axtarış aparıblar. Daha sonra məlum olub ki, şəhər meri Vardan Qukasyan və daha yeddi nəfər rüşvət almaqda ittiham edilərək saxlanılıb. Məhkəmə Qukasyanın barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.