Gənc MÜSİAD-ın təşkilatçılığı, Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisi, Türkiyənin Gənclik və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) rəsmi tərəfdaşlığı ilə keçiriləcək Avrasiya Gənc İş Adamları Forumu – EYBF 2025 çərçivəsində qala şam yeməyi baş tutub.
Modern.az xəbər verir ki, tədbirdə Türkiyənin gənclər və idman nazirinin müavini Dr. Enis Eminoğlu, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer, Milli Məclisin deputatları Ceyhun Məmmədov və Naqif Həmzəyev, eləcə də dövlət qurumları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Gənc MÜSİAD Azərbaycanın sədri Akif Başoğlu tədbirin ilk dəfə Azərbaycanda keçirilməsini gələcəyə doğru atılmış böyük addım kimi qiymətləndirib. Onun sözlərinə görə, bu yolda birgə addımlamaq gələcəkdə mühüm uğurlar gətirəcək.
Gənc MÜSİAD İdarə Heyətinin sədr müavini Ali Osman Özen Bakıda olmaqdan məmnunluğunu ifadə edərək təşkilatın ideyalarını belə xarakterizə edib:
“Gənc MÜSİAD dürüst və məqsədyönlü gəncləri bir araya gətirib. Növbəti toplantılar Astanada və Sarayevo-Bosnada keçiriləcək. MÜSİAD bu gün 40 ölkədə fəaliyyət göstərir və bu da ailəmizin böyüklüyünü sübut edir.”
MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli çıxışında gənclərin birliyinin gücünə diqqət çəkib:
“Dünya dəyişir, amma sahibkarlığın mahiyyəti dəyişmir. Bu gün Azərbaycan və Türkiyə gəncliyi birlikdə qlobal bir gücdür. Elə bir toxum əkilib ki, bu toxum dünyanın hər yerində Azərbaycan və Türkiyə üçün bar verəcək.”
MÜSİAD Azərbaycanın qurucu rəhbəri Abdurrahman Uzun təşkilatın Azərbaycandakı fəaliyyəti barədə danışaraq görülən işlərin uğurlu nəticələr verdiyini bildirib. Bahçaşehir Universitetinin rektoru Esra Hatipoğlu isə əməkdaşlıq və birgə fəaliyyətin problemlərin həllində əsas açar olduğunu vurğulayıb.
Gənc MÜSİAD-ın rəhbəri Mağsum Usta çıxışında Bakını Avrasiyanın mərkəzi adlandıraraq bu tədbiri yeni başlanğıc kimi qiymətləndirib:
“Gənc MÜSİAD iddialı şəkildə yola çıxıb. Bu platforma qardaşlıq və həmrəyliyin simvoludur. Güclü gəncliyə malikik və Avrasiya ticarət vizyonunun təməlini məhz Bakıda qoyduq. Qarşımızda böyük planlar var və türk dünyasına yön verən gənclərin yetişməsindən qürur duyuruq.”
Sonda Türkiyənin Azərbaycandakı səfiri Prof.Dr Birol Akgün çıxış edərək iki ölkə arasındakı münasibətlərin dərinliyini belə ifadə edib:
“Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsini izah etməyə ehtiyac yoxdur. Bizim aramızda artıq heç bir sərhəd yoxdur.”