Son illərdə ölkəyə müxtəlif çeşiddə avtomobil ehtiyat hissələri gətirilir. Təəssüf ki, bu bazarın böyük hissəsini saxta məhsullar təşkil edir. Paytaxtda və regionlarda yerləşən mağazalarda sürücülərə bir neçə kateqoriyada ehtiyat hissələri təqdim olunur:
* “Orijinal”
* “Pad-orijinal”
* “Pad-orijinala yaxın”
* “Kitayski” (tam saxta)
Lakin mütəxəssislər bildirir ki, mağazalarda satılan məhsulların çox böyük hissəsi orijinal deyil. Çünki avtomobil istehsalçıları orijinal ehtiyat hissələrini yalnız öz rəsmi servis mərkəzlərində təqdim edir. Qeyri rəsmi şəbəkələr bəzən müştərilərə orijinal adıyla saxta ehtiyat hissələrini satırlar. Saxta hissələr isə qablaşdırma və görünüş baxımından orijinala tam bənzəyir, bu səbəbdən onları ayırd etmək çox çətindir. Hətta bəzi ustalar belə fərqi müəyyən etməkdə çətinlik çəkirlər.
Keyfiyyətsiz ehtiyat hissələri avtomobilin mühərrik və digər sistemlərinə ciddi ziyan vurur, qəza riskini artırır. Ucuz qiymət cazibədar görünsə də, sonradan yaranan xərclər daha baha başa gəlir.
Paytaxtda aparılan sorğu göstərir ki:
* Bir qism sürücülər mağazalara güvənir və məsuliyyəti satıcının vicdanına buraxır.
* Digərləri yalnız rəsmi servislərdən alış-veriş etdiyini vurğulayır.
Taksi sürücüsü Bilal Şıxməmmədov deyir:
“Bir dəfə mağazadan ‘orijinal’ adı ilə aldığım əyləc bəndi saxta çıxdı, bir ay belə dözmədi. Maşın dayanmırdı, qəza təhlükəsi yaşadım. Tövsiyəm odur ki, ehtiyat hissəsini yalnız rəsmi servisdən alın. Servis həm quraşdırır, həm də zəmanət verir. Problem olsa, hüququnuzu tələb edə bilərsiniz.”
Sürücülərə tövsiyyə edərdik ki:
* Ehtiyat hissələrini yalnız rəsmi servis mərkəzlərindən alsınlar.
* Sertifikat və zəmanət tələb edilsin.
* Şübhəli dərəcədə ucuz məhsullardan uzaq dursunlar.
Avtomobilin təhlükəsizliyi birbaşa ehtiyat hissələrinin keyfiyyətindən asılıdır. Saxta məhsul ucuz görünə bilər, amma nəticəsi həm maddi, həm də həyat üçün risklidir.