Noyabrın 3-də Heydər Əliyev Sarayında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş “Zəfər andı” adlı ədəbi-bədii gecə keçirilib.
Modern.az xəbər verir ki, Gənclər Fondu, Mədəniyyət Nazirliyi və Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, Heydər Əliyev adına Hərbi İnstitutun zabit və kursantları, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının nümayəndələri, könüllü gənclər və media təmsilçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Şanlı Zəfəri qazanmaq üçün Azərbaycan xalqının 30 il ərzində mübarizə apardığını, bu illər ərzində Qarabağ sevdasından, ərazi bütövlüyümüzün bərpası istəyindən heç zaman dönmədiyini bildirib.
"Azərbaycan Ordusu Aprel döyüşlərindən Zəfərə gedən yolun başlanğıcını qoydu. 4 gündən başlayan torpaqlarımızın azadlıq mübarizəsi 44 gündə Şuşa zirvəsi ilə yekunlaşdı. 2023-cü ilin sentyabrında 24 saatlıq antiterror tədbirləri ilə isə Azərbaycanın dövlət suverenliyini bərpa etdi. Müqəddəs amal uğrunda mübarizə bizə itkisiz başa gəlmədi. Bu yolda qəhrəman oğullarımızı qurban verdik. Biz qələbə qazandıqca Şəhidlər xiyabanlarına axışaraq 30 il ərzində bu yolda canını fəda edən qəhrəmanları müjdələməyə axışdıq. Bundan sonra da görəcəyimiz işlər onların əziz xatirəsinin yaşadılması, gənc nəslin onları örnək alaraq yetişməsinə xidmət etməlidir".
Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş leytenantı Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun anası Südabə Qazıyeva 5 il əvvəl Azərbaycan xalqının dünyaya necə qürurlu xalq olduğunu sübut etdiyini qeyd edib: "44 gün ərzində oğullarımız cəsarəti ilə dünyaya meydan oxudular. Haqq savaşımızdan xalqımızın birliyi, cəsur oğulların qəhrəmanlığı sayəsində üzüağ çıxdıq. Şərəfli tarixin yazıldığı günlərdə biz ən doğmalarımızı itirdik. Bizim təsəllimiz xalqımızın özünə qaytarılmış qüruru, bütövləşən Vətən torpağı, güclənmiş dövlət oldu. Övladlarımızın xatirəsinin yaşadılması, adlarının əbədiləşdirilməsi şəhid ailələri üçün ən böyük təsəllidir. Şəhidlərin döyüş və həyat yolunun gənc nəslə öyrədilməsi onların düzgün istiqamətdə təlim-tərbiyəsi üçün çox vacibdir. Oğullarımızın alovlandırdığı güclü dövlət, qürurlu xalq, qalib Ordu ruhunu nəsillərdən-nəsillərə ötürmək gənclərin birbaşa vəzifəsidir".
Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, “Böyük Qayıdış” Gənclər Təşkilatının fəxri üzvü Zaur Hüseynov deyib: "Azərbaycanın qəhrəman oğul və qızlarının canı qanı bahasına onun torpaqları hər zaman qorunub və bizlər onların irsini yaşadaraq bu günlərə addımlamışıq. Beş il bundan əvvəl başlayan Vətən müharibəsində qəhrəman şəhid və qazilərimizin, silahdaşlarımın göstərdiyi şücaətlər danılmazdır. Biz Ali Baş Komandanın dediyi kimi bu torpaqlarda öz bayrağımızı sancmışıq. Vətən müharibəsində qəhrəman döyüşçülərin şücaəti, xalqımızın birliyi, dövlətin qüdrəti nəticəsində biz qələbə qazandıq. Uşaq vaxtı Xocalı haqqında sənədli filmləri izləyəndə, qız-gəlinlərin, qocaların, uşaqların başına gətirilən faciələri, Azərbaycan xəritəsində işğalda olan ərazilərin qırmızı çərçivəyə salındığını görəndə bir Azərbaycan övladı kimi qüruruma toxunurdu. Mən bu torpaqları işğaldan azad edən, Xocalının intiqamını alan qüdrətli Azərbaycan dövlətinin hər zaman xəyalını qururdum. Vətən müharibəsində biz Qarabağın azadlığı ilə suverenliyimizə yenidən qovuşduq. Biz xalq olaraq qələbəni birlikdə qazanmışıq".
Tədbir bədii hissə ilə davam edib.
Bədii hissədə əməkdar artist Nicat Kazımovun rejissorluğu və şair, yazıçı, kinodramaturq İlqar Fəhminin ssenarisi əsasında, incəsənət xadimlərinin və istedadlı gənclərin ifasında hazırlanmış "Zəfər andı” bədii kompozisiyası nümayiş olunub. Kompozisiyada Vətən müharibəsində iştirak etmiş döyüşçü şairlərin şeirlərindən istifadə edilib, Zəfərə gedən yol və tarixi qələbəmiz ədəbi-bədii formada tamaşaçılara çatdırılıb.